UEFA Avropa Liqasının qrup mərhələsinin H qrupunda yer alan "Qarabağ" bu gün Norveçin "Molde" komandasının qonağı olacaq.
"Qarabağ"ın sabiq müdafiəçisi, hazırda Azərbaycan millisinin məşqçisi vəzifəsində çalışan Arif Əsədovla əlaqə saxlayıb təmsilçimizin önəmli səfər matçı barədə nə düşündüyünü soruşduq.
Əsədovun Fanat.Az-a açıqlaması belə oldu:
"Qarabağ"ı bu gün çətin oyun gözləyir. Həlledici bir oyun ola bilər. "Qarabağ" Norveçdən xalla dönərsə, demək olar ki, 80 faiz növbəti mərhələyə çıxmaq işinin öhdəsindən gələcək. "Qarabağ"ın əleyhinə olan məqamlardan biri budur ki, rəqib qrupdakı son iki oyunda qalib gəlib. Təmsilçimiz isə son iki oyunda uduzub. Psixoloji baxımdan hardasa, bir qədər eniş ola bilər. Milli komandaların oyunları ilə bağlı fasilə adətən "Qarabağ"ın xeyrinə işləmir, komandada oyun planında geriləmə olur. Amma ümid edirəm ki, "Molde" ilə oyunda həmin fasilənin təsiri hiss edilməyəcək. Azərbaycan çempionu səfərdə yaxşı oyun nümayiş etdirir. "Qarabağ" sürət və texnika baxımından rəqibindən üstündür. Ağdamlılar oyunçuların keyfiyyətinə görə də Norveç təmsilçisindən öndədir. Bilirik ki, Skandinaviya komandaları daha çox atletik futbola və standart vəziyyətlərə üstünlük verirlər. Bu cəhətdən çətinlik yarana bilər, amma ümid edirik ki, "Qarabağ" bizi sevindirəcək".
Nahid Məmmədov