UEFA Avropa Liqasının qrup mərhələsinin H qrupunda yer alan "Qarabağ" bu gün İsveçin "Hekken" komandasını qəbul edəcək.
"Qarabağ" ın sabiq yarımmüdafiəçisi Bəxtiyar Musayevlə əlaqə saxlayıb təmsilçimizin həlledici oyunu barədə nə düşündüyünü soruşduq.
Musayevin Fanat.Az-a açıqlaması belə oldu:
"Bu gün Azərbaycan futbolu üçün tarixi hadisə baş verə bilər. "Qarabağ" qələbə qazanacağı təqdirdə, Avroliqanın pley-offuna vəsiqə qazanacaq. İnanıram ki, "Qarabağ " bu şansı əldən verməyəcək. Çünki qrupdakı oyunlarına baxsaq, doğurdan da "Qarabağ" ikinci yerə layiqdir. Birinci yerdə Avropaya səs salan "Bayer Leverkuzen"dir. İkinci yerə isə ən layiqli namizəd "Qarabağ"dır. Bütün komponentlərdə "Qarabağ" bugünkü rəqibi "Hekken" dən üstündür. İnanıram ki, komandamız qələbə qazanacaq və tarixi uğura imza atacaq. Təssüflər olsun ki, Kevin Medina oynaya bilməyəcək. Medina "Qarabağ" üçün çox önəmli futbolçudur. Ancaq ümid edirəm ki, Medinanın yerinə meydanda da olan hər hansı başqa futbolçu onun yoxluğunu hiss etdirməyəcək. Düşünürəm ki, "Qarabağ"ın müdafiəsinə böyük yük düşməyəcək. Bilirik ki, "Qarabağ" evdə rəqibi təziq altda saxlayaraq oynayır. Ümid edirəm ki, Medinanın yoxluğu hiss olunmaz. "Qarabağ" a uğurlar arzu edirəm".
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hekken” oyunu saat 21:45-də start götürəcək. Ağdam təmsilçisi hazırda 7 xalla ikinci pillədə mövqe tutub. İsveçlilər isə xal qazana bilməyiblər. Tərəflərin ilk dueli təmsilçimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Nahid Məmmədov