UEFA Avropa Liqasının qrup mərhələsinin H qrupunda yer alan "Qarabağ" dünən "Hekken" komandasını qəbul etdi. İsveç təmsilçisini 2:1 hesabı ilə üstələyən Ağdam təmsilçisi tarixi ilkə imza ataraq pley-offa vəsiqə qazandı.
Qarabağ"ın sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb təmsilçimizin qrup mərhələsinin son oyunu barədə nə düşündüyünü soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Bütün azarkeşləri qələbə münasibət ilə təbrik edirəm. Oyun düşündüyümüz qədər asan olmadı. İlk dəqiqədə vurduğumuz qol işimizi yüngülləşdirdi, amma qırmızı vərəqədən sonra vəziyyət mürəkkəbləşdi. Hər şeyə rəğmən, qollar vurub bu oyunu qələbə ilə bitirə bildik. "Qarabağ"ın müdafiə xəttində bəzi çatışmazlıqlar oldu. Qırmızı vərəqədən sonra belə göründü. Bədavinin oyunu Medinanın yoxluğunu hiss etdirmədi. Son dəqiqələrdə buraxılan qolu qırmızı vərəqə ilə əlaqələndirirəm. Ümumilikdə yaxşı çıxış etdik. Lunyovun oynunu dəyərləndirməsəm, düzgün olmaz. Adam həqiqətən soyuqqanlılığını qoruyaraq komandasını 2-3 qoldan xilas elədi. "Qarabağ "ın qurupdan çıxmasında onun böyük rolu var".
Nahid Məmmədov