
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk 4 turunda "Benfika"nı səfərdə (3:2), "Kopenhagen"i isə evdə (2:0) yenən, Bilbao "Atletik"inə 1:3 uduzan və nəhayət, "Çelsi"dən Bakıda xal alan (2:2) "Qarabağ" bu gün "Napoli"nin qonağı olacaq.
Tanınmış futbol mütəxəssisi, Azərbaycan millisinin sabiq baş məşqçisi Arif Əsədov ilə əlaqə saxlayıb İtaliyadakı qarşılaşmadan nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Qarabağ"ı çətin oyun gözləyir. Rəqibin gücü, təmsil etdiyi ölkənin statusu bəllidir. Bundan başqa, "Napoli"nin 4 xalı var, "Qarabağ"ın isə 7. Belədə italiyalılar matça 6 xallıq oyun kimi yanaşacaqlar. Qalib gəlib pley-offa çıxmaq şanslarını artırmağa köklənəcəklər. Əfsanəvi Dieqo Maradonanın adını daşıyan stadiondakı atmosfer, azarkeş təzyiqi də "Qarabağ"In ziyanınadır. Həm də oyun Maradonanın anım gününə təsadüf edir. Bu üzdən böyük ajiotaj olacaq.
"Qarabağ" ilk dəqiqələrdə təzyiqdən çıxmalı, qol buraxmayıb matça ağırlığını qoymalı və sakitliyini qorumalıdır. Necə ki, bunu digər rəqiblərlə görüşlərdə edib. Komandamızın üstünlüyü ondadır ki, artıq adlı-sanlı rəqiblərdən də çəkinmir. "Benfika", "Kopenhagen" üzərində qəəbələr, "Çelsi" ilə başabaş oyun və alınan bir xal təmsilçimizdə özünəinam yaradıb. Düşünürəm ki, bu inam sayəsində "Napoli"dən də azı bir xal almaq mümkündür. Hətta gedişat yaxşı alınsa, səfərdən qələbə ilə də dönmək şansımız var. Qurban Qurbanovun yetirmələri rəqibi əks-hücumlarda yaxala bilər. Strateji baxımdan İtaliyada əldə olunacaq xal və ya xallar "Qarabağ"ın növbəti mərhələyə adlamaq şansını xeyli artıracaq. Komandamıza uğurlar arzulayıram".
Mirağa