Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Sivasspor”un baş məşqçisi Rza Çalımbay Türkiyə mətbuatına açıqlama verib.
Fanat.Az xəbər verir ki, komandasının turnirdəki şanslarını dəyərləndirən 57 yaşlı mütəxəssis işlərinin çətin olacağını deyib:
"Baş məşqçilik karyeramda avrokuboklarda mübarizəm həmişə yaxşı keçib. Həm ölkəmiz, həm də "Sivasspor” üçün yarışacağıq. Hamı qrupumuzun asan olduğunu düşünür. "Vilyarreal” İspaniyanın önəmli klublarındandı. "Makkabi” illərdir avrokuboklarda çıxış edən kollektivdi. "Qarabağ” isə Azərbaycanın ən yaxşı komandalarından biridi. Onlarla oyunların heç biri asan keçməyəcək. Futbolçularımın bu marafondan üzüağ çıxacağını düşünürəm. İlk matçımız səfərdə "Vilyarreal”a qarşı olacaq. Onun ardından "Makkabi” və "Qarabağ”ı Sivasda qəbul edəcəyik. Həmin iki görüşdə qələbə qazansaq, növbəti mərhələ şansımız artar”.
Qeyd edək ki, "Sivasspor”la "Qarabağ” arasında oyunlar noyabrın 5-də Sivasda, 26-da isə Bakıda keçiriləcək.