Bu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsinin cavab matçlarına start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə 2 görüş reallaşıb.
Kiprdəki birinci oyunda 1:0 hesablı qələbə qazanan "Omoniya” Estoniyada "Flora” ilə üz-üzə gəlib. Matçın əsas vaxtı "Flora”nın 2:1 hesablı qələbəsiylə başa çatıb. Bu üzdən də əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda qol vurulmadığından, qalibi müəyyənləşdirmək üçün penalti zərbələri yerinə yetirilib. 11 metrlik zərbələrdə daha dəqiq olan kiprlilər pley-offa yüksəliblər.
Digər oyunda isə "Slovan” Slovakiyada Cəbəllütariqin "Linkoln” komandasını sınağa çəkib. Bratislava təmsilçisi ilk görüşdə 3:1 hesablı qələbə qazanmışdı. Cavab görüşündə isə heç-heçə qeydə alınıb və Slovakiya klubu növbəti mərhələyə adlayıb.
Qeyd edək ki, bu mərhələnin digər 6 oyunu avqustun 12-də keçiriləcək. Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Neftçi” Finlandiyada HJK (Helsinki) klubu ilə qarşılaşacaq. "Ağ-qaralar” Bakıdakı ilk matçda rəqibi ilə heç-heçə edib – 2:2.
Avropa Liqası
III təsnifat mərhələsinin cavab oyunları
10 avqust
Flora (Estoniya) – Omoniya (Kipr) 2:1, penaltilər - 4:5
İlk oyun – 0:1
Slovan (Bratislava, Slovakiya) – Linkoln (Cəbəllütariq) 1:1
İlk oyun – 3:1