"Forza Neftçi" fan-klubunun rəhbəri Sübhan Əliyev sevimli komandasının ölkə çempionatının III turunda "Qarabağ"a 1:2 hesablı məğlubiyyətinə münasibət bildirib.
Fanat.Az-a danışan fan-klub rəhbəri "Neftçi"nin transfer siyasətini uğursuz hesab etdiyini deyib:
"Açığı deyiləcək elə də çox söz yoxdur. Heyf o cür dəstəyimizdən. Biz sözümüzü sosial şəbəkə vasitəsi ilə klubun rəhbərliyinə çatdırmışıq.
Avrokuboklarda böyük ümidlərimiz var idi. Azarkeş olaraq böyük hədəfləri nişan almışdıq. Nəticədə fiasko ilə üzləşdik. Heç cür razı qalmadıq. Komanda "Dinamo Tbilisi"ni keçməyi uğur hesab edirsə və daha sonra HİK-dən və "Makkabi"dən bu qədər top buraxırsa, fanatları heç zaman razı sala bilməz.
Bu da klubun transfer siyasətinin düzgün aparılmamasının nəticəsidir. Yeni oyunçuların cəlb edilməsini gecikdirmək və avrokubokları yerli gənc futbolçuların ümidinə buraxmaq nə dərəcədə düzgündür? Yeni futbolçulara gəlincə isə, onların oyunu qarşıdadır. Bunu hələ qiymətləndirməmişik.
Cari mövsümdə bizi çempionluqdan başqa heç bir şey qane edə bilməz. Rəqiblərin kim olduğundan asılı olmayaraq bizə çempionluq lazımdır".
Xatırladaq ki, 3 turdan sonra aktivində 4 xalı olan "Neftçi" 5-ci pillədə qərarlaşıb.
Emin Şəmsiyev