"Boka Xuniors"un baş məşqçisi Sebastyan Battalya postundan qovulub.
Fanat.Az "Goal"a istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssisə ayrılıq xəbəri qeyri-adi şəraitdə çatdırılıb.
Argentina təmsilçisi Libertadores Kubokunda Braziliya "Korintians"ı ilə qarşılaşıb və qolsuz bitən iki matçdan sonra penaltilər seriyasında uduzaraq mübarizəni dayandırıb.
Bu nəticə ilə barışmayan rəhbərlik məşqçini postundan uzaqlaşdırmağa qərar verib. Matçdan sonra avtomobilinə minərək evinə yollanan Battalya yolda - yanacaqdoldurma məntəqəsində olarkən rəhbərlikdən telefon zəngi alıb. Tərəflər məhz Buenos-Ayresin şimalındakı yol kənarında yerləşən yanacaqdoldurma məntəqəsində görüşüblər. Məşqçiyə işdən çıxarıldığı burada deyilib.
Ertəsi gün mətbuata açıqlama verən Battalya bu maraqlı hadisəni təsdiqləyib və baş verənlərin futbol tarixinə düşdüyünü bildirib.
Qeyd edək ki, Sebastyan Battalya "Boka Xuniors"u 2021-ci ilin avqustundan çalışdırırdı. O, 1998-2013-cü illər arasında 14 il futbolçu kimi bu komandada oynayıb və klub tarixində ən çox - 18 kubok qazanan futbolçu kimi düşüb.
Mirağa