Azərbaycanın tanınmış parataekvondoçusu Aynur Məmmədova 18-22 mayda Böyük Britaniyanın Mançester şəhərində təşkil olunan Avropa çempionatına qatılmamasının səbəbini açıqlayıb.
Fanat.Az-a danışan 43 yaşlı ikiqat dünya və dörqat Avropa çempionu qitə yarışında ayağındakı zədəyə görə iştirak etmədiyini bildirib:
"Sonuncu dünya çempionatında ayağımdan ciddi zədə almışdım. Hazırda onun müalicəsi ilə məşğul oluram. Avropa çempionatına hazırlıqsız qatıla bilməzdim. Mən yarışlara turist kimi getmirəm. Gedirəmsə, məqsədim nəyin bahasına olur-olsun, vətənə medalla dönməkdir".
Taekvondonun ilk dəfə Paralimpiya proqramına salındığı Tokio-2020-yə lisenziya qazansa da, son anda koronavirusa yoluxması səbəbindən yarışa qatıla bilməyən təcrübəli idmançı karyerasını 2024-cü ilə kimi davam etdirmək niyyətində olduğunu vurğulayıb:
"Növbəti il dünya çempionatı Bakıda keçiriləcək. Həmin yarışda yenidən sözümü demək istəyirəm. Eşidirəm, danışırlar, Aynur yaşlanıb, vaxtı gedib, amma mən sübut edəcəyəm ki, belə deyil. Mən cəmi 2-3 il əvvəl ard-arda Avropa çempionu olmuşam, Paralimpiya Oyunlarına lisenziya qazanmışam. Onda da yaşlı sayılırdım də. Hədəfim Paris-2024-dür. Ondan sonra karyeramı bitirəcəyəm".
Qeyd edək ki, Mançesterə 5 nəfərlik heyətlə yollanan Azərbaycan parataekvondo millisi Avropa çempionatını 1 gümüş, 2 bürünc medalla başa vurub. Gümüş mükafatı İmaməddin Xəlilov (70 kq), bürünc medalları isə Sabir Zeynalov (58 kq) və Sadiq Həmidov (63 kq) qazanıb.
Sahib