Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası işğaldan azad olunan torpaqlarımızda ilk Beynəlxalq idman yarışı təşkil edir.
Fanat.Az xəbər verir ki, mayın 6-sı və 7-si Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunan “Prezident Kuboku-2022” reqatası keçiriləcək.
Yarışlardan bir gün əvvəl mayın 5-də Mingəçevir şəhərində komandaların rəsmi keçidi baş tutacaq. Komanda rəsmiləri paradın sonunda Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edəcəklər. Turnirin açılış mərasimi və ilk yarış günü Azərbaycanın dilbər guşələrindən, işğaldan azad edilən Suqovuşan qəsəbəsində olacaq. Azərbaycanla yanaşı Gürcüstan, İran, Moldova, Türkiyə və Özbəkistandan 100-dən artıq avarçəkənin qatılacağı turnirdə idmançılar mayın 6-sı Suqovuşan su anbarında avarçəkmənin kayak və kanoe növündə mübarizə aparacaqlar. Mayın 7-si isə Mingəçevir şəhərindəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində akademik avarçəkmə üzrə qaliblər müəyyənləşəcək.
“Prezident Kuboku-2022”yə günün sonunda su üzərində musiqli şou proqram, Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı foto və videolardan ibarət çarx, həmçinin atəşfəşanlıqla yekun vurulacaq.