Azərbaycan Taekvondo Federasiyasının idarə heyətinin növbəti toplantısı keçirilib
Fanat.Az xəbər verir ki, toplantıda məşqçi-müəllimlərin fəaliyyəti və Tokio 2020 Yay Olimpiya Oyunlarında taekvondoçuların çıxışları müzakirə olunub. Qərara əsasən məşqçi-müəllimlər heyətində müəyyən dəyişikliklər edilib.
Kişilərdən ibarət milli komandanın baş məşqçisi Reza Mehmandost postunda qalıb. Bundan sonra ona yeniyetmələrin böyük məşqçisi Sənan Həşimov kömək edəcək.
Qadınlardan ibarət millini çalışdırmaq isə bunadək yeniyetmələrdən ibarət yığmanın sükanı arxasında olan Səbuhi Zülfüqarova həvalə olunub. Rəşad Məmmədov isə köməkçi-məşqçi təyin olunub.
Qadınların keçmiş baş məşqçisi Elnur Amanov bundan sonra yeniyetmələrdən ibarət millini çalışdıracaq. Vurğun Cəfərov isə onun köməkçisi olacaq.
Digər milli komandalara gəldikdə, gənclərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayev və onun köməkçisi Zahid Məmmədov, həmçinin 21 yaşadək milli komandanın baş məşqçisi Ələkbər İmaməliyev vəzifəsini davam etdirəcək. Vüqar Məcidov isə İmaməliyevin köməkçisi kimi çalışacaq.