Dünyanın "bir nömrəli" raketka ustası Novak Cokoviç koronavirus pandemiyasından daha çox əziyyət çəkən tennisçilərə yardım etmək üçün "böyük üçlü" (Cokoviç, Federer, Nadal - Fanat.Az) adından təklifini irəli sürüb.
Fanat.Az xəbər verir ki, "Sports Illustrated"in redaktoru Con Vertheym bu barədə məlumat yayıb. "Böyük üçlü"nün tövsiyəsinə görə, top-5 oyunçu fonda 30 min, 6-10-cu sıralarda qərarlaşanlar 20 min, 11-20, 21-50 və 51-100-cü pillələrin sahibləri isə müvafiq olaraq 15 min, 10 min və 5 min dollar köçürməlidilər. Cütlərin yarışında top-20 oyunçuları hərəyə 5 min dollar ödəməli olacaqlar.
ATP və "Böyük dəbilqə" turnirlərinin də fonda minimum 500 min dollar ianə edəcəyi gözlənilir. Ümumi yığılan məbləğ hərəyə 10 min dollar olmaqla reytinq cədvəlinin 250-700-cü sıralarında qərarlaşan tennisçilər arasında bölünəcək.
Həmçinin, Cokoviç, Nadal və Federer ilin sonuna planlaşdırılan ATP final turnirinin mükafat fondunun yarısının fondun hesabına köçürülməsini təklif ediblər. Turnir koronavirus pandemiyası səbəbindən təxirə salınarsa, təklifin "Australian Open" üçün keçərli olacağı bildirilir.
Fanat.Az