Bu günlərdə və daha dəqiq desək, 23.11.2021 tarixində, İdman TV kanalında olan verilişdə qaldırılan mövzuda qonaq qismində iştirak etdim.
Verilişdə fikirlərimi aydın şəkildə desəm də, ümumi olaraq, veriliş tənqid ilə deyil, federasiyanın reklamı ilə yadda qaldı. Əlbəttə, tennis sevənlər arasında, həmçinin tennisdən anlayanlar arasında bu verilişin “gülünc” keçdiyi fikirləri ortaya atıldı.
Verilişdə federasiyanın uşaqların gələcəyi üçün o qədər önəmli olmadığı, valideynlər üzərinə yükün atıldığı fikirləri səsləndi. Həmçinin qonşu ölkə Gürcüstan misal gətirilərək, ordakı tennisçilərin öz güclərinə inkişaf etdikləri fikirləri səsləndi. Qeyd etdiyim kimi, bu müştərək işdir.
Mən dəqiq bilmirəm, Gürcüstan tennisçiləri kimin gücünə turnirlərə gedir və inkişaf edir, lakin hər zaman Teymuraz Gabaşvilini kortlarda görəndə təəssüflənirəm ki, Azərbaycandan ərazi və əhali baxımından nə qədər kiçik olan ölkədən tenniçilər çıxır, bizdə isə 30 ilə bir tennisçi ortaya çıxmadı.
Bu təkcə Teymuraz deyil, qeyd edim ki, Ekaterine Gorgodze qadınlar arasında bu il iki dəfə cütlüklərdə çempion olub. Və güclü nəticələri var.
Türkiyə tennisindən danışıldı, deyildi ki, Türkiyə tennisində bir nəticə yoxdur. Bu, əlbəttə, ancaq insanın üzündə təbəssüm yarada bilər. Birincisi, Türkiyədə keçirilən turnirlərə nəzər yetirmək lazımdır. Bu ATP, WTA, tennis sevənlər unutmaz ki, həmçinin İstanbulda zamanında WTA final turnirlər keçirilmişdir.
Onların hazırda aktiv tennisçiləri, ildə ən azı bir dəfə Böyük Dəbilqə turnirlərinin əsas yarış hissəsinə vəsiqə qazana bilirlər, təsnifat mərhələlərində isə demək olar ki, hər zaman bir türk var. Böyük titulları olan Çağla Büyükakçay, İpek Soylu kimi tennisçiləri yaddan çıxartmaq olmaz.
Türkiyədə tennisin olduğunu göstərən tennisçilər bir qisminin adları:
Pemra Özgen
Altun Çelikbilek
Yankı Erel
İpek Öz
Başak Eraydın
Melis Sezer
Cem İlkel
Atakan Karahan
Bunlar yalnız bir qismidi, Marsel İlhan, İpek Şenoğlu kimi veteranları da unutmayaq.
Qazaxıstan və Özbəkistandan heç danışmıram. Qazaxıstan bu günlərdə "Davis Cup"da ¼ finala yüksəldi. Qadın tennisçiləri isə hər zaman TOP-lardadırlar. Bəlkə legioner olsalar da, bunu da bacarmaq lazımdır.
Keçək bizim tennisə. Deyirsiniz federasiyalıq bir iş yoxdur. Bəs uşaq tennisinin Azərbaycanda olmamasının günahkarı kimdir? Niyə bizdə uşaqlar 6-7 yaşdan tez tennisə başlaya bilmirlər? Niyə bir inkişaf proqramı yoxdur? Bunlar cavabsız suallardır.
Növbəti sual niyə ancaq Bakı? Başqa şəhərlərdə niyə təbliğ olunmur? Bəlkə övladının gələcəyini qurmaq, ona daha gözəl və maraqlı həyat bağışlamaq istəyən valideynlər var, onlar övladlarının inkişaf etməsi üçün əllərindən gələni edəcəklər? Bunun da günahı biz valideynlərdədir?
Niyə kanallarımızda tennis turnirləri yayımlanmır? Niyə bu heç kəsin vecinə deyil? Axı bir insan övladını tennisə gətirmək üçün, birinci tennisin nə olduğunu bilməlidir!
Federasiya bunların hər birində maraqlı olmalıdır, çünki əgər bir ölkədə idmançı yoxdursa, onda federasiya da heç kəsə lazım deyil.
Gənc tennisçilərin dəstəklənməsi federasiyanın ən birinci vəzifəsidir. Uşaq tennisinin inkişafı federasıyanın ən başlıca vəzifəsidir. Marketinqin inkiş etdirilməsi vacibdir!
Tennisin gələcəyini parlaq görmək ümidi ilə...
Heydər Rzayev