Tokio 2020 Yay Olimpiya Oyunları davam edir.
Fanat.Az xəbər verir ki, bu gün daha 4 təmsilçimiz mübarizəyə qoşulacaq.
Stend atıcılığı
Ölkəmizi kişilərin mübarizəsində Emin Cəfərov təmsil edir. 42 yaşlı idmançımız ilk təsnifat mərhələsində mübarizə aparacaq.
Yarış Bakı vaxtı ilə 05:00-da başlayacaq.
İdman gimnastikası
Yarışlara 05:00-da start veriləcək. Gün ərzində qadınlar arasında finalçıların adına aydınlıq gələcək.
Azərbaycanı burada Marina Nekrasova təmsil edəcək.
Cüdo
Gün ərzində qadınların 52, kişilərin 66 kiloqram çəki dərəcələrində medalçıların adına aydınlıq gələcək.
06:00-da başlayacaq yarışlarda ölkəmiz yalnız kişilərin yarışında təmsil olunur.
Avropa çempionumuz Orxan Səfərov günün startındaca tatami üzərinə çıxacaq. Dünya çempionatlarının ikiqat mükafatçısı 1/8 finala vəsiqə uğrunda qazaxıstanlı Yerlan Serikcanov ilə üz-üzə gələcək.
Boks
06:00-dan etibarən "Ryoqoku Kokuqikan" arenası dəri əlcək ustalarının ixtiyarına veriləcək.
Olimpiya komandamız boks yarışlarının ikinci günündə Cavid Çələbiyevlə(63 kq) təmsil olunur.
Dünya çempionumuz günün 10-cu döyüşündə ukraynalı Yaroslav Hartsizlə yumruqlarının gücünü yoxlayacaq. Görüş 1/16 final çərçivəsində baş tutacaq.
Sahib Əsədbəyli