Tokio 2020 Yay Olimpiya Oyunları davam edir.
Fanat.Az xəbər verir ki, bu gün daha 23 dəst medalın sahibi müəyyənləşib.
Karateçi Rafael Ağayevin "gümüş"ü sayəsində Azərbaycan Olimpiya komandası 8 pillə irəliləyib. Ölkəmiz Monqolustanla birgə 69-cudur.
İlk sırada yenə Çin qərarlaşıb - 36 qızıl, 26 gümüş, 17 bürünc medal.
Asiyalıları 31 qızıl, 36 gümüş, 31 bürünc mükafatla ABŞ izləyir.
Boğçasında 24 "qızıl", 11 "gümüş", 16 "bürünc" olan Yaponiya "üçlüy"ü qapayır.
Böyük Britaniya 4-cü(18 "qızıl" 20 "gümüş", 20 "bürünc"), Rusiya Olimpiya Komitəsi (ROK) 5-cidir (17 "qızıl", 23 "gümüş", 22 "bürünc").
Türkiyə isə 4 pillə geriləyib. Qardaş ölkənin milli Olimpiya komandası 1 qızıl, 1 gümüş, 8 bürünc "qənimət"lə 47-ci sıradadır.
Ümumilikdə 292 dəst medal üzrə mübarizə başa çatıb. Geridə qalan müddətdə 89 ölkə fərqlənib. Onlardan 63-nün aktivində baş mükafat var.
Qeyd edək ki, sərbəst güləş millimizin üzvü Hacı Əliyev yarışların finalına yüksəlib. İdmançımızın medalının əyyarına sabah aydınlıq gələcək.
Sahib Əsədbəyli