UFC prezidenti Dana Uayt yüngül çəkidə çempion Həbib Nurməhəmmədovun Jorj Sen-Pyerlə döyüşmək istəyini açıqlamasına reaksiya verib.
Fanat.Az xəbər verir ki, "BJPenn" Uaytın sözlərini belə çatdırıb:
"Bunu götür-qoy etmək maraqlı olar. Ancaq Həbib istədiyinə görə döyüşün reallaşacağını söyləyə bilmərəm. Qarşılaşmanı gerçəkləşdirmək üçün bir sıra məqamlar nəzərə alınmalıdı. Məsələn, Jorjun bu yaşda özünü yüngül çəki limitində döyüşəcək vəziyyətə necə gətirəcəyi açıq suallardan biridi. O, uzun müddətdi oktaqona çıxmır".
Qeyd edək ki, Həbib oktyabrın 24-də müvəqqəti çempion Castin Qetji ilə üz-üzə gələcək. Dağıstanlının sonrakı görüşdə qarşılaşmaq istədiyi 39 yaşlı Sen-Pyer isə 2019-cu ilin fevralında karyerasını bitirdiyini açıqlayıb. Lakin iki çəki dərəcəsində sabiq UFC çempionu cəlbedici çağırış alacağı halda, oktaqona dönə biləcəyini də söyləyib.
Fanat.Az