Cümə axşamı "Qarabağ" Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Braqa" ilə cavab oyununa çıxacaq.
Azərbaycan millisinin sabiq müdafiəçisi Tərlan Əhmədovla əlaqə saxlayıb cütün taleyini həll edəcək ikinci görüş barədə fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Bu oyun asan keçməyəcək. Mən hesab etmirəm ki, "Qarabağ" səfərdə qələbə qazanıb deyə evdə hər şey daha rahat alınacaq. Səfərdəki qələbəyə baxmayaraq, şanslar bərabərdir. "Braqa" köklü komandadır. Birinci oyunda "Braqa"ya kömək edə bilməyən oyunçular cavab matçında iştirak etsələr, "Qarabağ"ın işi daha çətin olacaq. Təmsilçimizin müdafiəsindəki boşluqları "Sabah"a qarşı son üç oyunda buraxdığı 8 qoldan və səfər matçındakı çıxışından görmək olar. Daha öncə də dediyim kimi, "Braqa" standart vəziyyətlər zamanı çox təhlükəlidir. Bunu ilk oyunda da gördük. Ümid edək ki, "Qarabağ" cavab görüşündə qalib gələ biləcək. Məncə, bu oyunda Qurban Qurbanov öz taktikasını nümayiş etdirəcək. Belə komandaya qarşı açıq oynamaq olmaz. Azərbaycan çempionatında "Qarabağ"a qarşı da bir çox komanda qapalı oyun göstərir. Ağdam klubunun üstün cəhəti əks-hücumlarda daha keyfiyyətli olmasıdır".
Qeyd edək ki, Ağdam təmsilçisi Portuqaliyadan 4:2 hesablı qələbə ilə dönüb.
Nahid Məmmədov