Dünən UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb. Bu mərhələdə təmsilçimiz "Qarabağ"ın rəqibi "Bayer Leverkuzen" olub. Azərbaycan millisinin məşqçisi Arif Əsədovla əlaqə saxlayıb "köhlən atlar"ın şanslarını dəyərləndirməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu :
"Avropa Liqasının qalibi olmağa əsas namizədlərdən sayılan komanda ilə qarşılaşacağıq. Digər tərəfdən, "Bayer Leverkuzen" tanıdığımız rəqibdir. Qrupda qarşılaşdığımız kollektivdir. Almaniyadakı oyun çətin keçsə də, ikinci görüşdə "Qarabağ" layiqli oyun göstərdi. Sadəcə, son dəqiqələrdə penaltidən qol buraxıb məğlub olduq. "Qarabağ"ın itirəsi heç nəyi yoxdur. Rahat oynaya bilər. Rəqib üçün mərhələ keçmək daha vacibdir. Bu üzdən inanıram ki, "Qarabağ" öz oyununu sərgiləməklə sürpriz edə bilər. Təbii ki, çox çətindir. Amma dediyim kimi, "Qarabağ" sürpriz edə bilər. Şanslar rəqibin tərəfindədir. Amma futbolda mümkünsüz heç nə yoxdur. Ümid edək ki, "Qarabağ" növbəti oyunlarda da bizi sevindirəcək".
Qeyd edək ki, "köhlən atlar" "Bayer"ə qarşı ilk matçını martın 7-də evdə, cavab qarşılaşmasını isə 14-də səfərdə keçirəcək.
Nahid Məmmədov