UEFA-nın İntizam Komitəsi Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda - “Braqa” ilə matçda "Qarabağ”ın qırmızı vərəqə alan futbolçusu Elvin Cəfərquliyev və məşqçisi Elçin Rəhmanovla bağlı qərarını açıqlayıb.
Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Elvin 1 oyunluq diskvalifikasiya edilibsə, Rəhmanov da 1 qarşılaşmanı texniki zonadan izləyə bilməyəcək.
Bu isə o deməkdir ki, onlar Avropa Liqasının 1/8 finalında “Bayer Leverkuzen”lə Bakıdakı duelə tribunadan baxacaqlar.
Sarı vərəqə limitini dolduran Julio Romao da 1 oyunluq cəzalandırılıb.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək“Qarabağ” - “Bayer” qarşılaşması martın 7-də, saat 21:45-də başlayacaq. Tərəflərin cavab görüşü isə bundan bir həftə sonra Leverkuzendə baş tutacaq.