Yeni mövsümə hazırlaşan "Neftçi" almaniyalı futbolçu Robert Baueri transfer edib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı müdafiəçi ilə 3 illik müqavilə bağlanıb. Robert "ağ-qaralar"ın heyətində 23 nömrəli formanı geyinəcək.
Futbolçu karyerasına 2014-cü ildə ölkəsinin "Karlsrue" kollektivində başlayan Bauer ilk peşəkar müqaviləsini "İnqolştadt" (Almaniya) klubu ilə bağlayıb. Burada 48 matç keçirən futbolçu daha sonra yüksək məbləğ qarşılığında "Verder" klubuna transfer olunub. Sərgilədiyi futbolla adından söz etdirməyi bacaran Bauer 3 il "ağ-yaşıllar"ın şərəfini qoruyub. O, ümumilikdə Almaniya Bundesliqasında 89 matçda forma geyinib. Onun son klubu Səudiyyə Ərəbistanının "Əl-Tai" kollektivi olub.
Sözügedən oyunçu Almaniyanın gənclərdən ibarət millisində də çıxış edib.