Misli Premyer Liqasının V turunun başa çatmasıyla komandalar iki həftəlik fasiləyə yollandılar. Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə klublar da geridə qalan turların nəticələrini analiz etmək, səhvlərdən nəticə çıxarmaq imkanı qazanacaqlar. İndiki halda buna ən çox ehtiyacı olan “Neftçi”dir. Paytaxt təmsilçisinin beş tur ərzində qələbə qazana bilməməsi xeyli düşündürücü məqamdır.
“Turan Tovuz” – “Səbail” 1:0
Qol: Alexandro Serrano, 33
"Turan Tovuz" 1. İvan Konovalov, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 13. Fərid Yusifli, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiçi, 80. Otto Con, 21. Aleks Souza
Ehtiyat oyunçular: 71. Mehman Hacıyev, 41. Sergey Samok, 33. Eltun Turabov, 8. Tural Bayramlı, 7. İsmayıl Zülfüqarlı, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 99. Sadiq Şəfiyev, 20. İbrahim Ramazanov, 9. Kristian da Silva, 6. Araş Qaderi, 11. Ayxan Quseynov
Baş məşqçi: Kurban Berdiyev
"Səbail": 1. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev (k), 77. Fərid Nəbiyev, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 8. Qorka Laruçça, 44. Amir Bilali, 3. Dmitro Litvin, 5. Gitay Sofir, 14. Suleyman Alluş
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 6. Cabir Əmirli, 18. Süleyman Əhmədov, 15. Vüsal Məsimov, 83. Nihad Quliyev, 17. Gülağa Əsədov, 10. David Qomis, 7. Madi Queta
Baş məşqçi: Şahin Diniyev
“Turan Tovuz” hamını təəccübləndirməkdə davam edir. Yayda Kurban Berdıyevi baş məşqçi postuna təyin edən qərblilər bu dəfə “Səbail”i Tovuzdan xalsız yola saldılar. Alexandro Serrano 33-cü dəqiqədə oyundakı yeganə qolu vurdu. Düzdür, zaman-zaman “Səbail” bərabərlik qolunu vurmaq üçün fürsətlər qazanır, meydan sahiblərini təzyiq altında saxlayırdı. Amma Konovalov bu dəfə də qapısını toxunulmaz saxlamağı bacardı. Bu yerdə onu da qeyd edək ki, “Turan Tovuz” beş tur ərzində qapısında qol görməyən yeganə komandadır. Rusiyalı qapıçı “çərçivə”də inamlı görünür. Eyni zamanda da müdafiəçilərin də etibarlı oyunu qeyd olunmalıdır. Məğlubiyyətsiz irəliləyən “Turan Tovuz”un bir heç-heçəsi, 4 qələbəsi var. Bunun da sayəsində 13 xal toplayan Berdıyevın yetirmələri turnir cədvəlinə inamla liderlik edir. 4 xallı “Səbail” isə qeyri-sabit nəticələrlə diqqət çəkir və səkkizinci sırada qərarlaşıb.
“Sumqayıt” – “Araz-Naxçıvan” 0:1
Qol: Miço Kuzmanoviç, 56.
"Sumqayıt": 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Rəhim Sadıxov, 2. Sertan Taşkın, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 11. Fernando Da Silva, 9. Nikola Vuynoviç, 23. Cordan Rezabala.
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 30. Kamran Quliyev, 21. Nihad Əhmədzadə, 24. Sənan Muradlı, 3. Slaviça Radoviç, 99. Silvanus Nimeli, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.
"Araz-Naxçıvan": 12. Kristian Avram, 34. Ürfan Abbasov, 3. Bəxtiyar Həsənalızadə, 6. Vadim Abdullayev (k), 26. Ömər Buludov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 97. Felipe Santos.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Slavik Alxasov, 7. Ülvü İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 24. Mustafa Əhmədzadə, 57. Elcan Məmmədov, 10. Bernardo Dias.
Məşqçi: Rasim Ramaldanov.
Cəzalı Elmar Baxşıyevin tribunadan izlədiyi oyunda “Araz Naxçıvan” “Sumqayıt”ı məğlub etdi. “Sumqayıt”ın doğma meydanda “quru” hesabla məğlub olması hamı üçün gözlənilməz oldu. Görünən odur ki, Samir Abasovun işi yeni mövsümdə çox çətin olacaq. Onun komandasının ötən mövsümdəki oyunundan, əzmkarlığından əsər-əlamət qalmayıb. Hər halda milli komandaların oyunu ilə bağlı yaranan fasilədə Samir bəyin də görəcəyi çox iş var. “Araz Naxçıvan” isə legioner seçimini yaxşı edib. Komandanın əsas yükünü əcnəbilərin çəkdiyi şübhəsizdir. Bu dəfə də komandaya qələbə qazandıran qolu legioner futbolçu vurdu. Kuzmanoviçin 56-cı dəqiqədə vurduğu qol oyunda yeganə oldu. “Sumqayıt”ın bu qola cavab vermək üçün 100 faizlik şans qazandığını da demək olmaz. Bir sözlə, oyunun nəticəsi ədalətli idi.
Son iki tur ərzində 4 xal toplayan “Araz Naxçıvan”ın aktivində artıq 7 xal var. Bu xal ehtiyatı Elmar Baxşıyevin çalışdırdığı komandaya 4-cü yeri tutmağa imkan verir. “Sumqayıt” isə 6 xalla 6-cı sıranı tutur.
“Şamaxı” – “Neftçi” 0:0
"Şamaxı": 1. Rikardo Fernandes, 4. Adil Nağıyev (k), 8. İlkin Muradov, 17. Rafael Məhərrəmli, 82. Rüfət Abbasov, 32. Vasiliye Radenoviç, 20. Leroy Mikels, 93. Brahim Konate, 7. Giorgi Kantariya, 9. Belajdi Pusi, 66. Vasiliye Bakiç
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 10. Emin Zamanov, 80. Zahid Mərdanov, 5. Arsen Ağcabəyov, 97. Elşad Tağıyev, 6. Rauf Rüstəmli, 22. Qurban Səfərov, 24. Edqar Adilxanov, 19. Fəxri Məmmədli, 11. Conatan Benteke
Baş məşqçi: Ayxan Abbasov
"Neftçi": 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 90. Ramil Şeydayev (k), 13. Emil Səfərov, 6. Rafael Quzzo, 99. Ervin Koffi, 23. Robert Bauer, 24. Mustafa Sek, 11. Kilan Lebon, 22. Dembo Darbo, 88. Andrey Ştoqrin
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rustam Samigullin, 8. Emin Mahmudov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 7. Azər Əliyev, 91. Ağadadaş Salyanskiy, 9. Andre Şinyaşiki, 20. Alfa Konte, 77. Yeqor Boqomolski
Baş məşqçi: Roman Qriqorçuk
"Neftçi”nin qələbə həsrəti beş oyuna çatdı. Bunu hətta ən pessimist azarkeş belə təsəvvür edə bilməzdi. “Ağ-qaralar” Şamaxıda da “dişsiz” göründü, yaratdığı azsaylı qol imkanlarından da istifadə edə bilmədi. Xüsusən də Ramil Şeydayevin 3-4 metrədən boş qapıya düşə bilməməsi Roman Qriqorçuku və komanda rəhbərliyini düşündürməlidir. Sanki millimizin hücumçusu qol duyumunu itirib, topu tora necə qovuşdurmağı unudub. “Şamaxı”nın inamla müdafiə olunmasının, adlı-sanlı rəqibindən çəkinməməsi alqışlanmalıdır. Ötən tur “Zirə”ni səfərdə məğlub edən əyalət təmsilçisi bu dəfə də “Neftçi”yə aman vermədi. Ola bilsin ki, nəticədə oyunun erkən saatda və süni örtük üzərində keçirilməsi də rol oynadı. Amma bu cür məqamlar indiki halda bəhanə kimi görünür. Çünki hər iki komanda üçün şərtlər eyni idi. “Şamaxı”nın “Sabah” və “Neftçi”yə uduzmaması, “Zirə”ni məğlub etməsi komandanın potensialının olduğundan xəbər verir. Bu gedişlə Ayxan Abbasovun yetirmələri favoritlərə badalaq vurmaqda davam edəcək. 4 oyuna beş xal toplayan “Şamaxı” 7-ci pilləni tutursa, 4 xalı olan “Neftçi” yalnız “Kəpəz”i qabaqlamağı bacarıb.
“Kəpəz” –“Sabah” 2:3
Qollar: Viktor Braqa, 10. Lassana Ndiaye, 18 - Coy Lens Mikels, 54-pen; 86. Cesse Sekidika, 70
"Kəpəz”: 22. Məmməd Hüseynov, 2. İlkin Qırtımov, 11. Orxan Əliyev, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 17. Ümid Səmədov, 78. Yeqor Kvalko (k), 10. Karim Lkouça, 19. Lassana Ndiaye, 88. Keverton Markolino, 77. Viktor Braqa
Ehtiyat oyunçular: 40. Nahid Bağırov, 3. Vurğun Hüseynov, 70. Nicat Süleymanov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 15. Cavad Kərimov, 66. Arzu Atakişiyev, 44. Nihat Fərəci, 24. Sənan Kərimov, 25. Toğrul Məmmədov, 51. Cəlil Allahverdiyev, 28. Redon Mihana
Məşqçi: Xaliq Mərdanov
"Sabah”: 1. Yusif İmanov, 10. Namik Ələskərov, 4. Elvin Camalov (k), 2. Amin Seydiyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 44. Sofian Çakla, 18. Pavol Safranko, 70. Cesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepiniça
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 77. Şakir Seyidov, 6. Abdulax Xaybulaev, 22. Abdulla Rzayev, 33. Camal Cəfərov, 88. Xəyal Əliyev, 40. İqor Noqeyra, 99. Neqoş Kupusoviç
Baş məşqçi: Krunoslav Renduliç
“Kəpəz”in fiaskosu davam edir. Bu dəfə Gəncə təmsilçisi “Sabah”a uduzdu. Ötən turlardan yeganə fərq onda oldu ki, “sarı-göylər” qol vurmağı bacardılar. Hətta 2:0 hesabıyla önə keçdilər. Adil Şükürovun istefasından sonra komandanı meydana Xaliq Mərdanov çıxarmışdı. 18-ci dəqiqəyə qədər rəqibini iki dəfə məyus edən gəncəlilər hamını təəccübləndirməyi bacardılar. Braqa və Ndiaye fərqləndi. Fasilədən sonra “Sabah” vəziyyəti dəyişdirməyi bacardı. Mikelsin “dubl” etdiyi oyunda daha bir qolu Sekidika vurdu. Bununla da “Sabah” həm gözlənilən, həm də bir qədər çətin başa gələn qələbə qazandı. 10 xallı “bayquşlar” liderin ən yaxın izləyicidir. Düzdür, bunda “Qarabağ”ın bir oyununun ehtiyatda olması da rol oynayır. “Kəpəz” isə xala həsrət qalıb. Artıq yeni baş məşqçisi Azər Bağırov gəncəliləri sonuncu pillədən xilas etməlidir.
“Zirə”– “Qarabağ” 1:3
Qollar: Ceyhun Nuriyev, 40 - Toral Bayramov, 18. Emmanuel Addai, 33. Abdullah Zubir, 88.
"Zirə": 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, . Stefan Akka, 4. Ruan Renato, 90. Davit Volkov, 15. Pyer Zebli, 28. Abbas İbrahim.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 13. Aydın Bayramov, 99. Səlim Həşimov, 7. Məqsəd İsayev, 8. İsmayıl İbrahimli, 10. Giorgi Papunaşvili, 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 6. Eldar Quliyev, 19. Salifu Suma
Baş məşqçi: Rəşad Sadıqov
"Qarabağ": 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 7. Yassin Benzya, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade, 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 99. Mateuş Koxalski, 12. Sadiq Məmmədzadə, 20. Riçard Almeyda, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 18. Olavio Juninyo, 19. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov
“Qarabağ” “Zirə”ni o qədər də çətinlik çəkmədən məğlub etdi. “Köhlən atlar” fasiləyə qədər meydan sahiblərinin qapısından iki top keçirməyi bacardılar. 18-ci dəqiqədə Toral Bayramov hesabı açdısa, Addai 33-cü dəqiqədə “Qarabağ”dakı ilk oyununu qolla əlamətdar etməyi bacardı. Ceyhun Nuriyevin 40-cı dəqiqədə vurduğu qol intiriqanı ölməyə qoymasa da, ikinci hissədə də eyni ssenari izlədik. “Qarabağ” oyunun nəzarətini əlində saxlayırdı. Belədə Zubirin 88-ci dəqiqədə vurduğu qol da oyunun məntiqi axarına uyğun oldu. Xalını 9-a çatdıran “Qarabağ” 3-cü sıradadır, 6 xallı “Zirə” isə 5-ci pillədə yer alır. Hər iki komandanın bir oyununun ehtiyatda qaldığını da qeyd edək.
Amal Abuşov