Məlum olduğu kimi, 2022/2023 mövsümündən başlayaraq klublarımıza dövlət tərəfindən 3 milyon manat yardım ayrılır. Sirr deyil ki, bir neçə klubumuzun ayaqda qalmasında məhz həmin pulların önəmi böyükdür. Düzdür, "Qarabağ", "Sabah", "Neftçi", "Zirə" kimi klubların etibarlı sponsorları və normal maliyyə dayaqları var. Onlar AFFA-nın vasitəsi ilə onlara çatan həmin pullardan bir neçə dəfə artıq məbləğ xərcləyirlər. Bununla belə, futbolun inkişafı məqsədilə ayrılan yardımdan sui-istifadə halları da mövcuddur. Sponsor tapmaq əvəzinə, gözünü 3 milyona dikib onunla dolanan, "bu günlə yaşayan" klublar var ki, üçüncü mövsümdür milyonları göyə sovurur...
Üç milyon necə xərclənməlidir? - RƏQƏMLƏR
Əslində, AFFA klublara ayırdığı dövlət yardımının xərclənməsi üçün bir neçə istiqamət müəyyənləşdirib. Üç milyon vəsait lisenziya qaydaları nəzərə alınaraq xərclənməlidir. Məbləğin yarıdan çoxu - 1 milyon 600 min manatı əsas komandaya sərf olunmalıdır. Daha doğrusu, yuxarı limit məhz göstərilən qədərdir. Buna baxmayaraq, bəzi klublar assosiasiyanın şərtlərindən gileylənir. Hətta ötən ilin martında keçirilən Klublar Komitəsinin iclasında bununla bağlı etiraz da baş vermişdi. AFFA yardımın legioner transferinə xərclənməsinə mane olmaq istəyir, klublar isə qadağanın onların fəaliyyətinə mənfi təsir göstərəcəyini bildirirdi. Əslində isə 1 milyon 600 min manatın əsas komandanın maaş büdcəsi kimi nəzərdə tutulduğu qeyd olunur.
Sözügedən məbləğin ikinci böyük hissəsi - 400 min manatı klubun uşaq futbolunun inkişafına, başqa sözlə, Akademiyanın fəaliyyətinə ayırılır. Bura əvəzedici komanda daxil deyil, çünki "dubl"un saxlanılmasına, çempionatda iştirak xərcləri üçün ayrıca olaraq 160 min yardım edilir.
Üç milyonun 300 mini infrastruktur lahiyələrin gerçəkləşdirilməsinə, habelə 50 mini qadın futbolunun inkişafına sərf olunmalıdır. Qalan 450-500 min manat isə digər xərclər (nəqliyyat, bilet, toplanış, marketinq, seleksiya, PR, SMM, müxtəlif FSR tədbirlərin keçirilməsi və sair...) üçün nəzərdə tutulur.
Əsas komandada maaş - 1 600 000 AZN
Akademiya - 400 000 AZN
İnfrastruktur - 300 000 AZN
Əvəzedici komanda - 160 000 AZN
Qadin futbolu - 50 000 AZN
Digər xərclər - 490 000 AZN
Onu da əlavə edək ki, klublardan hansısa bu vəsaiti təyinatı üzrə xərcləməsə, həmin komandanın balansına pul köçürülmür.
"Əlinin papağı Vəlinin başına qoyulur", əziyyətini uşaq komandaları çəkir
Burada əsas məqam odur ki, məbləğin xərclənməsinə birbaşa klub rəhbərləri özü nəzarət edir. Sadəcə, quruma hesabat verilməli, vəsaitin xərclənməsi üzrə istiqamətləri əks etdirən sənədlər təqdim olunmalıdır.
Bu gün büdcəsini məhz AFFA-nın verdiyi pul hesabına formalaşdıran klublar - "Sumqayıt", "Kəpəz", "Səbail", "Araz-Naxçıvan" 3 milyonun demək olar, hamısını əsas komandaya xərcləyir. Uzağa getməyək, hələ 10 gün sonra bağlanacaq yay transfer dönəmində "Qarabağ", "Sabah", "Zirə", "Neftçi" kimi iddialılar, büdcəsi 10 milyondan az olmayan klublar cəmi 7-8 transfer həyata keçirdiyi halda, elitada qalmaq uğrunda yarışanlar, uzağı ortabab statusu daşımağı qarşısına hədəf qoyanlar 10-15 futbolçunu heyətinə cəlb ediblər.
"Şamaxı" - 15
Gələnlər: İlkin Muradov ("Zirə"), Rauf Rüstəmli ("Sabah"), Bahadur Həziyev ("Səbail"), Rüfət Abbasov ("Neftçi"), Rafael Məhərrəmli, Adil Nağıyev ("Səbail"), Belaydi Pusi ("Turan Tovuz"), Brahim Konate ("Hapoel Afula", İsrail), Georgi Kantariya ("Nejmeh", Livan), Rikardu Fernandeş ("Toreens", Portuqaliya), Kamal Bayramov ("Turan Tovuz"), Lubeni Haukonqo, Fəxri Məmmədli ("Sabah"), Vasili Radenoviç ("QOSK Qabela", Bosniya və Herseqovina), Conatan Benteke (“Union Titus Petange”, Lüksemburq)
“Araz-Naxçıvan" - 12
Gələnlər: Urfan Abbasov ("Qəbələ"), Ülvi İsgəndərov ("Qəbələ"), Ömər Buludov ("Neftçi"), Tərlan Əhmədli ("Turan Tovuz"), Turan Vəlizadə, Karlos Jatoba (“Politexnika Lasi”, Rumıniya), Bəxtiyar Həsənalızadə ("Tuzlaspor", Türkiyə), Bernardu Oliveyra Dias (“Uniao Torreense”, Portuqaliya), Felipe Santos, Ramon Maçado ("Sabah", Malayziya), Slavik Alxasov ("Turan Tovuz"), İssuf Paro ("Konkarno", Fransa)
"Kəpəz" - 11
Gələnlər: Nicat Süleymanov ("Araz-Naxçıvan"), Paulu Rojeriu ("Lenk Vilaverdense", Portuqaliya), Kərim Lkoça ("Santa Koloma", Andorra), Məmməd Hüseynov ("Zirə), Lassana Ndiaye ("Botev", Bolqarıstan), Redon Mihana ("Erzeni", Albaniya), İlkin Qırtımov ("Qəbələ"), Viktor Braqa ("Aqiya di Maraba", Braziliya), Orxan Əliyev ("Araz-Naxçıvan"), Keverton Resende Markolin ("Hersilio Luz", Braziliya), Rauf Hüseynli ("Qəbələ")
"Səbail" - 10
Gələnlər: Fərid Nəbiyev ("Turan Tovuz"), Əlirza Müştəbazadə ("Ağsu Difai"), Nahid Quliyev ("Qarabağ"), Vüsal Məsimov ("Kəpəz"), Amir Bilali ("Qostivar", Şimali Makedoniya), Dmitro Litvin ("Lusitaniya", Portuqaliya), Qorka Laruçça ("Etır", Bolqarıstan), Mert Çelik, Ayman Bualini ("Ümraniyespor", Türkiyə), Gitay Sofir ("Hapoel Akko", İsrail)
"Sumqayıt" - 8
Gələnlər: Rəhim Sadıxov ("Zirə"), Fernando Medeiros ("Eqnatiya", Albaniya), Slavişa Radoviç ("Sarayevo”, Bosniya və Herseqovina), Nikola Vuynoviç ("Qoritsa", Xorvatiya), Sertan Taşkın ("Manisa", Türkiyə), Silvanus Nimeli (“Surxon Termiz”, Özbəkistan), Alan Dias, Miloş Miloviç
Hələ bura legionerlər üçün ödənilən rüsumu, bundan əlavə, müqaviləsi yenilənən futbolçuları, başqa sözlə, bütün heyətin məvacibini hesablasaq, maaş büdcəsindən qat-qat artıq məbləğ edir. Belədə həmin klublar infrastruktur və ya akademiya üçün ayrılan vəsaitə "əl qoymalı" olur. Sonda uşaq komandaları bunun əziyyətini çəkir. Məsələn, bu yay əsas sponsorunun maddi dəstəyindən məhrum olan "Səbail"in akademiyada köklü islahata əl atdığı barədə məlumatlar yayıldı və Bayıl klubu bunu təkzib etmədi. Dolayısı ilə klub məhz aşağı yaş qrupları üçün ayrılan pulun bir qisminin yeni legionerlərin alınmasına sərf olunduğunu boynuna almış oldu.
Uşaq futbolu əsas komandaların kölgəsində qaldığı, "boy atmadığı" üçün bu gün Azərbaycanda normal akademiya da yoxdur. Bir, uzağı iki istisna göstərmək mümkündür. Problem odur ki, maddi durumu yaxşı olan da, olmayan da nəticə arxasınca düşüb, futbolun gələcəyini düşünən yoxdur.
"Dövlətin ayırdığı subsidiya səviyyəsiz legionerlərə xərclənir"
Azərbaycanın tanınmış futbol mütəxəssisi, sabiq klub funksioneri, keçmiş beynəlxalq dərəcəli hakim Tahir Süleymanovun mövzu barədə fikirlərini öyrənməyi də vacib saydıq.
Tahir bəy Fanat.Az-a açıqlamasında "İnkişaf Strategiyası" və klubların ona yanaşması haqda düşüncələrini bölüşdü:
"Azərbaycan futbolunda illərdi qalaq-qalaq yığılıb qalmış və strateji həllini gözləyən problemlər arasında qaldırdıınz məsələ çox aktualdır. Azərbaycan - İsveç oyununda da qeyd olunan problem, keyfiyyətli yerli futbolçu qıtlığı dolayı və faktiki olaraq bir daha özünü əyani göstərmiş oldu. Dövlət klublara təmənnasız milyonlarla dotasiya ödəyir, bundan səmərəli istifadə etmək əvəzinə, vəsaitin böyük hissəsi legionerlərə xərclənir. Hər mövsüm, hətta altıaydanbir bir dəstə futbolçu gətirilir, yenidən yola salınır, başqaları ilə əvəzlənir. "Uşaq futbolu yoxdur" deməklə futbolçu yetişmir, gərək xüsusi proqramla hazılayasan ki, futbolçu qıtlığı aradan qaldırılsın, rəqabət yaransın, istedadlar üzə çıxsın, keyfiyyət artsın. Azərbaycanda futbolun İnkişaf Strategiyasının hazırlanması ilə bağlı AFFA-ya çoxsaylı yazılı təkliflər etmişəm, qaldırdığınız məsələ xüsusi bəndlərdə kompleks halda öz əksini tapıb. Tək Premyer Liqa deyil, l dəstə də buraya daxil edilməlidir. Dövlətdən ayrılan vəsaitlə elitada legioner alınmasına məhdudiyyət qoyulmalı, aşağı dəstədə isə ayrılan maliyyə ilə legioner alışına ümumiyyətlə qadağa qoyulmalıdır. Legionerlərin gətirilməsinə ancaq klub sponsorları maliyyəsi ilə icazə verilməlidir. Bunun əvəzinə, limitin ümumiyyətlə aradan götürülməsi gündəmdədir. Limit varkən hələ futbolçu tapılmır, olmasa, yetişdirilməyən yerli futbolçuların heyətdə yer alması necə baş verə bilər?! Ölkədə uşaq-gənclər futbolunun bərbad halda olmasını hər kəs bilir. İnfrastruktur, stadion, baza, adi məşq, oyun meydanları yoxdur, dövlətin ayırdığı subsidiya böyük ölçüdə səviyyəsiz legionerlərə xərclənir. İnkişaf Strategiyası ilə bağlı təkliflər paketində müddəti göstərməklə, yaxın illərdə akademiyası olmayan klubların elitaya buraxılmaması tələbi, 19 yaş daxil futbolçuların heyətdə mövsüm ərzində oynadılması, faiz göstəricilərinə uyğun AFFA tərəfindən klublara bonusların ödənilməsi və s. aktual məqamlar özünü əks etdirib. 3 milyondan hər mövsüm 300 mini akademiya inşasına yönəldilsə, yaxın illərdə, əsasən də bölgələrimizdə müasir tələblərə cavab verən akademiya sayı yetərincə olar. Yeri gəlmişkən, bölgə futbolu sözdə inkişaf etdirilə bilməz. 8 regional federasiya mövcuddur və diqqətdən kənar saxlanılır. Təklif etmişəm ki, hər regionda mərkəzləşdirilmiş 8 akademiya inşa edilsin və minimum klublara ayrılan vəsaitə uyğun bölgələrə maliyyə ayrılsın. Ancaq belə yanaşma ilə ölkə futbolu inkişaf edə, istənilən səviyyəyə çata bilər. Azərbaycan futbolunda ən uğurlu uşaq futbol layihəsi olan "Sabahın ulduzları"ının ölkə çapında tətbiq edilməsi təklifi irəli sürülüb. Düzgün istiqamət götürülərsə, yaxın gələcəkdə yeni-yeni bəhlulların, toralların, elvinlərin, nərimanların, abbasların üzə çıxması, yetişməsi çox zaman almaz!"
Mirağa