Misli Premyer Liqasının 17-ci turunda "Kəpəz"i qəbul edəcək "Neftçi" oyuna 5 itki ilə çıxacaq.
Bunu Fanat.Az-a açıqlamasında "ağ-qaralar"ın sözçüsü Asəf Zeynallı deyib:
"Cəzalı futbolçumuz yoxdur. Bildiyiniz kimi, almaniyalı legioner Robert Bauer üçün il başa çatıb. Rafael Quzzo və Rəhman Hacıyev də "Kəpəz"lə oyunu kənardan izləyəcəklər. Həm Quzzonun, həm də Rəhmanın "Sumqayıt"la son çempionat oyununda əzələsi dartılıb. Emin Mahmudova gəlincə, o, hələ məşqlərə qatılmır, müalicəsini davam etdirir. Bunlardan başqa, Dembo Darbo ayağındakı ağrılar səbəbindən hazırda trenajor zalında fərdi çalışmalarla kifayətlənir. Darbo böyük ehtimalla, qarşıdakı matçda olmayacaq.
Onu da deyim ki, artıq müdafiəçi Azər Salahlı sıraya dönüb. Azər artıq kollektiv məşqlərdə iştirak edir".
Qeyd edək ki, dekabrın 15-də baş tutacaq "Neftçi" - "Kəpəz" görüşünün start fiti 18:30-da səsləndiriləcək.
Nihat