
1-ci Liqanın 8-ci turunun maraqlı oyunlarından biri Zaqatalada keçiriləcək. Şəhərin eyniadlı komandası "Şahdağ Qusar"ı qəbul edəcək. Meydan sahiblərinin baş məşqçisi Rüstəm Məmmədovla əlaqə saxlayıb qarşıdakı matça necə hazırlaşdıqlarını, oyun barədə nə düşündüyünü soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dönəmində zəif cəhətlərimiz, çatışmazlıqlarımız üzərində işlədik. Təəssüf ki, yoxlama oyunu keçirə bilmədik. Əlbəttə, görülən işlərin imtahanı oyundur. Lakin biz bəlli səbəblərdən sınaq qarşılaşmasında gücümüzü sınamadıq. Zaqatalaya gəlmək istəyən yoxdur, biz də maliyyə problemi üzündən harasa yollanmaqla bağlı planlar cızmırıq. Ancaq məşqlərdə müəyyən varintlar üzərində işləmişik.
"Şahdağ Qusar"ı təhlil etmişik. Rəqibin heyətində yaxşı futbolçular cəmləşib. Sürətli əks-hücumlar qurmağı bacaran, fiziki cəhətdən hazırlıqlı kollektivdir. Meydanın mərkəzində topu özündə saxlamağı bacaran oyunçuları var. Elşən Veyisov, Vüsal Əliyev və başqalarının adlarını çəkə bilərəm. "Şahdağ Qusar" məzmunlu futbol sərgiləyən komandadır. Hər iki tərəfin 10 xalı var. Hazırda onlar 5-ci, biz isə 6-cı pillədəyik. Onları keçmək üçün mütləq qələbə qazanmalıyıq. Maksimum nəticə əldə etməyə çalışacağıq. Liderlər qrupundan uzaq düşmək istəmirik. Uşaqlar da oyuna yaxşı hazırlaşıblar. Şükürlər olsun ki, zədəli futbolçumuz yoxdur. Yalnız Okan Təhməzli U-21-in düşərgəsində olduğu üçün komanda ilə birlikdə hazırlaşa bilməyib".
Nihat