
Misli Premyer Liqasının debütantı "Şəfa"nın elitada yalknız yerli futbolçulardan qurulmuş heyətlə çıxış edəcəyi müzakirə olunsa da, rəhbərlik legionersiz oynamamağı uyğun saydı. Artıq heyətə 4 əcnəbi qatılıb ki, onlardan biri də rumıniyalı yarımmüdafiəçi Vlad Marian Popdur. Əvvəlki iş yeri ölkəsinin "Unirea Sloboziya" klubu olan orta xətt oyunçusu hazırlığın ilk günündən Bakı təmsilçisinin sıralarındadır.
Pop "Şəfa"ya gəlişi və hazırlıq prosesi ilə bağlı fikirlərini Fanat.Az-a bölüşüb:
"Mövsümöncəsi hazırlıqlara lap əvvəldən başlamışam. Şəraitdən və infrastrukturdan razıyam, xüsusilə, mənim üçün ən önəmli məqam olan məşq meydançalarının yüksək keyfiyyətindən. Fikrimcə, məşqlərin səviyyəsini düzgün şəkildə inkişaf etdirdik. İlk gündən ağır yükləmələr olmadı, temp tədricən artırıldı ki, bunun da faydasını görəcəyik".
25 yaşlı oyunçu Azərbaycan çempionatı barədə məlumatlı olduğunu bildirib: "Şəfa"ya transferim yerli bir agent vasitəçiliyi ilə reallaşdı. Mənim profilimi tapıb analiz edən və daha sonra öz agentimlə əlaqə saxlayan məhz o oldu.
Düzünü desəm, Azərbaycan Premyer Liqası haqqında müəyyən məlumatım var. Keçmişdə burada bir çox rumıniyalı futbolçu oynayıb və məşqçilər işləyib. Həmçinin liqanın bəzi klubları ölkəni UEFA turnirlərində təmsil edir. Bu da təbii olaraq bizdə Azərbaycan futbolu haqqında təsəvvür yaradır".
Nihat