
Ötən mövsüm 2-ci Liqada çempion olaraq 1-ci Liqaya vəsiqə qazanan "Xankəndi" yeni "futbol ili"nə Zaur Hacıyevin rəhbərliyi altında hazırlaşır. İlk oyununu meydan sahibi qismində "Səbail"ə qarşı keçirəcək kollektivin baş məşqçisi ilə əlaqə saxlayıb komandasını çempionata nə dərəcədə hazır saydığını və turnirin əsas favoritlərindən sayılan rəqib ilə matçdan nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Öncə yeni mövsüm münasibəti ilə futbol ictimaiyyətini təbrik edirəm. Bütün klublarımıza, Azərbaycan futboluna uğurlar diləyirəm. "Xankəndi" ilk dəfə bu çempionatda mübarizə aparacaq. Mənim isə həm "Qəbələ"nin əvəzedici komandası, həm də "Karvan-Yevlax"la Birinci Liqa təcrübəm var. Maraqlı mübarizə izləyəcəyimizi düşünürəm.
Ən azı altı həftəlik yay hazırlığı planlaşdırsaq da, üzürlü səbələrdən təxminən 10 gün gec toplaşdıq. Buna baxmayaraq, məşq qrafikini bir qədər sıxlaşdırdıq, çempionatın startına qədər hazır olmağa çalışdıq. Məncə, o qədər də pis alınmadı. Altı yoxlama oyunu keçirə bildik.Bəzi günlərdə iki məşq etdik. Komanda turnirə müəyyən qədər hazırdır.

Bu qarşılaşma "Səbail" üçün o qədər də rahat oyun olmayacaq. Biz bütün rəqiblərimizlə oyunlara heç-heçə yox, qələbə üçün çıxacağıq. Büdcə məsələsi əsas amillərdən olsa da, biz aşağı səviyyəli futbolçular transfer etməmişik. Yəni heyətimiz zəngin olmasa da, kifayət qədər təcrübəli oyunçularımız var. "Səbail"ə qarşı hansı strategiya ilə mübarizə aparacağımızı müəyyənləşdirmişik. Maraqlı mübarizə olacaq. Qeyd etdiyim kimi, bütün oyunlara qələbə üçün çıxacağıq".
1-ci Liqada yeni mövsüm sentyabrın 3-də başlayacaq. "Xankəndi" ilk oyun günündə Şamaxı OİK stadionunda "Səbail"i qəbul edəcək. Matçın start fiti 17:00-da səsləndiriləcək.
Nihat