
Misli Premyer Liqasının 3-cü turunda Sumqayıtdakı "SOCAR Polymer Arena"da "İmişli"yə 0:1 hesabı ilə uduzan "Şəfa" çempionatdakı növbəti matçını səfərdə "Neftçi"yə qarşı keçirəcək.
"Hepardlar"ın kanadalı yarımüdafiəçisi Treyvon Fuller "pələnglər"dən aldıqları məğlubiyyətlə bağlı fikirlərini Fanat.Az-a bölüşüb.
Orta xətt oyunçusu yenilginin səbəbini belə izah edib: "Düşünürəm ki, ən yaxşı oyunumuzu nümayiş etdirə bilmədik. Bir neçə səhvə yol verdik və "İmişli" bundan faydalandı. Vacib oyun olduğunu bilirdik, xal qazanacağımıza da inanırdıq, amma təəssüf ki, istədiyimiz alınmadı. İndi bu məğlubiyyətdən dərs çıxarmalı və diqqətimizi növbəti oyuna yönəltməliyik".
Fuller "xalq komandası"na qarşı görüş barədə də danışıb: "Neftçi"nin, xüsusilə öz meydanında güclü komanda olduğunu bilirik. Ona görə də bizi çətin oyun gözləyir. Lakin biz oraya xal qazanmaq məqsədilə gedəcəyik. Meydanda hər top uğrunda mübarizə aparacağıq. İntizamı qoruyacaq, öz futbolumuzu oynayacağıq. Əlimizdən gələnin ən yaxşısını edib müsbət nəticə qazanmağa çalışacağıq".
Nihat