
Misli Premyer Liqasının 4-cü turunda "Qəbələ"nin qonağı olan "İmişli" 1:2 hesabı ilə məğlub oldu.
"Pələnglər"in yarımmüdafiəçisi İdris İnqilablı yenilginin səbəbini nədə gördüyünü Fanat.Az-a açıqlayıb:
"Yaxaladığımız qol epizodlarını dəyərləndirə bilmədik. Eləcə də penaltini qola çevirməyi bacarmadıq. Bəlkə də penaltidən fərqlənsəydik, matçın axarı dəyişər, nəticə başqa olardı".
Sözügedən kollektiv növbəti matçını meydan sahibi qismində "Neftçi"yə qarşı keçirəcək. İdrisin Yevlaxda baş tutacaq görüş barədə fikirlərini təqdim edirik: "Meydana qələbə üçün çıxacağıq. Amma rəqibin "Neftçi" olduğunu nəzərə alsaq, heç-heçə də pis nəticə sayılmaz. Bu matçdan xal götürmək istəyirik. Ardıcıl çətin oyunlarımız var. "Neftçi"dən xal almaq bizim üçün yaxşı motivasiya olar".
Qeyd edək ki, "İmişli" - "Neftçi" qarşılaşması sentyabrın 11-də reallaşacaq. Matçın start fiti 16:30-da səsləndiriləcək.
Nihat