
Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Dünən Tofiq Bəhramov adına Respublika stadionunda Lixtenşteyn seçməsi ilə qolsuz bərabərliyə razılaşan futbol üzrə Azərbaycan millisinin FİFA reytinqində 206-cı yerdə qərarlaşan "cırtdan"ı yenə bilməməsi böyük məyusluğa səbəb oldu. Əlbəttə, UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunda mübarizə aparan yığmamızın bu rəqibi evdə yenəcəyinə inam böyük idi. Üstün futbol sərgiləməsinə rəğmən, rəqib qapısına yol tapmağı bacarmayan millimiz növbəti matçını da öz meydanında qonaq qismində heç-heçə etdiyi (1:1) Litvaya qarşı keçirəcək. Ayxan Abbasovun çalışdırdığı kollektivin qrup birincisi olmaq ehtimalı azalsa da, hələ heç nə bitməyib.
Niyə alınmadı?
Heyətdəki rotasiyaya görə Abbasovu qınamağa dəyməz. Üçgünlük intervalla 2 oyun keçirməli olan yığmanın baş məşqçisi buna məcbur idi. Qələbə qazanmaq mümkün olsaydı, yəqin ki, indi hamı sözügedən mütəxəssisin tədbirli planından danışar, ona tərif vurardı. Bu, futboldur və futbolda Avropanın ən zəiflərindən sayılan Azərbaycan təmsilçisinin müdafiəyə böyük diqqət ayıran, qazandığı xalı coşqu ilə bayram edən "cırtdan"ın müqavimətini qırmağı bacarmaması reallıqla uzlaşan faktdır.

Belə rəqiblərlə matçlarda ön xətt oyunçularının fərdi keyfiyyəti ön plana çıxmalıdır. Heyətdə Mahir Emrelidən başqa heç bir oyunçunun texniki hazırlığının arzulanan səviyyədə olmaması acı reallıqdır. "İkinci skripka" kimi mübarizə aparmağa adət etmiş, hücum futbolu sərgiləmək baxımından ciddi çətinlikləri olan kollektivin Lixtenşteynin sıx müdafiəsi qarşısında çətinlik çəkməsində qeyri-adi nəsə yoxdur. Digər tərəfdən, "Qarabağ"ın sol cinah müdafiəçisi Elvin Cəfərquliyevin zədə səbəbindən kənarda qalması da vurğulanmalıdır. Elvinin cinah keçidlərinin yeri görünürdü desək, yanılmarıq. Qısası, bu matçda erkən qol vəziyyəti 180 dərəcə dəyişəcəkdi ki, bu sevinci də bizlərə yaşadan tapılmadı.
Litvanı məğlub etmək mümkündür
Mövcud vəziyyətə rəğmən, Kaunasdan qollu bərabərliklə qayıdan millinin "Palms Sports Arena"da litvalıları məğlubiyyətə uğratmaq şansı az deyil. Milli istəyinə çatmaq üçün özünün ən yaxşı versiyası kimi oynamalıdır.

Əlbəttə, müdafiənin lideri sayılan digər "Qarabağ"lı Bəhlul Mustafazadənin olmaması da "arxa cəbhə"nin keyfiyyəti baxımından əlavə problem yaradır. Lakin Abbasovun və komandasının başqa çıxış yolu yoxdur. Milli meydana yüksək motivasiya ilə çıxmalı, özündən güclü olmayan rəqibi evə məğlub göndərməlidir. Mütləq qələbə planının basqısı altında "yanmamaq" da şərtdir.
AÇ-nin pley-offu uzaq görünsə də...
"Football Meets Data" analitik mərkəzinin yenilənmiş hesablamalarına əsasən, millimizin qrup qalibi olmaq ehtimalı 36,9 faizə qədər geriləyib. Litvanın birinci yeri tutmaq şansı isə 62,3 faizə yüksəlib. Məlum məsələdir ki, Millətlər Liqasında qrup qalibi olmaq AÇ-2028-in pley-off mərhələsinə avtomatik vəsiqə vermir. Bunun üçün Azərbaycan öz qrupunu lider bitirməklə yanaşı, digər qrup qalibləri arasında da ən yüksək reytinqli komandalardan biri olmalıdır. Evdəki xal itkisindən sonra millimizin bu reytinq siyahısında üst sıralarda yer almaq şansı xeyli azalıb. Hərçənd növbəti tsiklə C Liqasında başlamaq ehtimalı hələ də qüvvədədir. Yəni Litvanı evdə, Lixtenşteyni isə səfərdə yensək, digər nəticələrin necəliyindən asılı olmayaraq mübarizəni qrup lideri qismində başa vuracağıq. Başqa sözlə, 8 xal hədəfə çatmağa kifayət edir. Azarkeşlərin öz üzərlərinə düşən işi nə dərcədə yaxşı yerinə yetirəcəklərini isə zaman göstərəcək. Belə məqamda əsl futbolsevərlərin tribunaları doldurması olduqca önəmli məsələdir.
Mütəxəssislər belə danışdılar
Yerli mütəxəssislərin hazırkı durum barədə fikirlərini öyrənməyi də vacib saydıq. Millinin sabiq müdafiəçisi və baş məşqçisi Arif Əsədovu dinləyək: "Çox təəssüfləndirici bir hal oldu. Evdə Lixtenşteynlə 0:0 oynamaq milli komanda olaraq planlarımıza sığmırdı. Çünki əsas rəqiblərimizdən biri Litva sayılır və onlarla oyundan qabaq maksimum xal toplamaq lazım idi. Amma təəssüf ki, alınmadı. Oyun baxımından yanaşsaq, bir daha aydın oldu ki, biz hələ "bir nömrə" kimi oynamağa alışmamışıq. Çünki adətən daha güclü rəqiblərə qarşı müdafiə futbolu göstəririk. Matçda rəqibin sıx və kompakt müdafiəsini yarmaq tələb olunurdu ki, burada da çətinliklərlə üzləşdik. Müəyyən epizodlarımız olsa da, onlardan istifadə edə bilmədik. Bu baxımdan düşünürəm ki, vacib iki xal itirdik. Çünki qarşıda bizi Litva ilə matç gözləyir. Şanslarımız var. Qrupda birinci yeri tutmaq üçün qalan iki oyunda qalib gəlmək vacibdir. Analiz edib düzgün nəticə çıxarmaq və qalan matçlarda qələbə qazanmaq lazımdır. Məncə, növbəti Litva oyunu həlledici olacaq".
Millinin "sükanı arxası"nda olmuş digər mütəxəssisin - Vaqif Sadıqovun dedikləri isə belə oldu: "Lixteynşteynlə oyundan nəsə demək çətindir. Yığmamız gücünü qoysa da, üstünlüyümüzü qola çevirə bilmədik. Keyfiyyət baxımından sıxıntılar var. İki gün millinin yanında olmaq və dəstək vermək lazımdır. Nəsə desəm, bəhanə kimi görünəcək. Matça qədər futbolçularımız tam gücünü səfərbər edərək sona qədər mübarizə aparmalıdır. Qrupun lideri olmaq üçün çalışmalıdırlar. Oktyabrın 4-ü azarkeşlər millimizin yanında olmalıdır. Günahkar axtarmaq lazım deyil. Problem varsa, onu həll etmək önəmlidir. Hazırda komandanı ruhlandırmaq vacibdir. Bütün tamaşaçılar ayın 4-də stadionda yığmamıza dəstək versə, yaxşı olar".
Nihat Ağasoy
Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə çap olunub.
