"Bura öz oyunumuzu göstərməyə gəlmişdik. Səfərdə qələbə qazanmaq sevindiricidir".
Fanat.Az xəbər verir ki, bunu Albaniyanın "Laçi" komandasının baş məşqçisi Armando Kunqu deyib.
Avropa Liqasının I təsnifat mərhələsində "Keşlə"yə penaltilər seriyasında qalib gəldikləri matçdan sonra mətbuat konfransına qatılan çalışdırıcı əlavə edib:
"Azlıqda qalandan sonra müdafiə olunmağa çalışdıq. Sonra rəqibin futbolçusu qırmızı vərəqə aldı və oyunu penaltilər seriyasına daşımağı bacardıq. Bəxtimizin gətirdiyini düşünmürəm. 2-3 qol epizodumuz olsa da, dəyərləndirə bilmədik".
47 yaşlı Kunqu penaltilər seriyasına hazırlaşdıqlarını söyləyib: "Bu məqamı nəzərə almış, öncədən hazırlaşmışdıq. Çünki mərhələ bir oyundan ibarət idi".
Baş məşqçi qələbəni əzmkarlıq hesabına qazandıqlarını deyib. O, bəxt amilinin rol oynamadığını əlavə edib.
Kunqu daha əvvəl Bakıya 2 dəfə səfər etdiyini yada salıb: "İlk dəfə "İnter"ə uduzmuşduq, daha sonra "Qarabağ" "Kukesi"də çalışdığım vaxt bizi mübarizədən kənarlaşdırdı. Bu dəfə Bakıya qələbə dalınca gəlmişdim".
Fanat.Az