"Səbail"in əvəzedici komandasının baş məşqçisi Səbuhi Həsənov ötən gün postundan ayrılıb.
Fanat.Az-a danışan 34 yaşlı mütəxəssis ayrılıq qərarı barədə bunları deyib:
"Bəli, Xanlar Əliyevlə birgə "Səbail"dən ayrıldıq. Deyirlər ki, klubdan göndərilmişik. Göndərmədilər, özüm getdim. 2018-ci ildən etibarən “Səbail”in Futbol Akademiyasında çalışırdım. U-13 və U-15 yaş qruplarında baş məşqçi, daha sonra U-19 və “Səbail-2” komandalarında köməkçi kimi çalışmışam. Ötən ilin oktyabrında Ruslan Qafitullin "Səbail-2"-dən ayrılandan sonra komandanı mənə tapşırmışdılar. Qış fasiləsinədək komandanın baş məşqçisi vəzifəsini icra etdim. Sonra Azər Bağırov gəldi və onun köməkçisi təyin olundum. Azər müəllim "Araz-Naxçıvan"a gedəndən sonra yenə baş məşqçi postu mənə həvalə olundu. Mövsümü başa vurandan sonra qərara gəldim ki, ayrılım. Klubla normal şəkildə, dost kimi ayrıldıq".
Səbuhi Həsənov I Diviziondakı fəaliyyətini normal qiymətləndirib: "Gedişim nəticə ilə bağlı deyil. Qarşımıza hansısa yeri tutmaq vəzifəsi qoyulmamışdı.
I Divizion mənim üçün böyük təcrübə oldu. "Səbail-2"-dən milli komanda üçün futbolçu hazırladıq, İbrahim Aslanlını əsas komandaya verdik. Əsas komandadan göndərilən oyunçuların formalarını bərpa etməsinə yardımçı olduq. Bir sözlə, missiyamızı yerinə yetirdik".
B kateqoriyalı mütəxəssis gələcək karyerası ilə bağlı suala belə cavab verib: "Açığı, hələ çoxu klubdan ayrıldığımı bilmir. Hələ təklif yoxdur. Qarşıdakı günlərdə özüm də maraqlanacağam. İnşallah, klubsuz qalmarıq".
Qeyd edək ki, Səbuhi Həsənovun "Səbail"dən ayrıldığını ilk olaraq Fanat.Az açıqlayıb.
Mirağa