"Neftçi"nin zədəli futbolçuları Kenni Sayef və Vato Arveladzenin durumuna aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
Qeyd olunub ki, Misli Premyer Liqasının 5-ci turu çərçivəsində “Sumqayıt”la baş tutan matçdan əvvəl baş tutan yüngül məşq zamanı zədələnmiş futbolçu Kenni Sayef, həmçinin onun əvəzinə adı start heyətinə salınmış və matçın ilk hissəsində eyni aqibəti yaşamış Vato Arveladze “Liv Bona Dea Hospital”da müayinədən keçib.
Bununla bağlı “Neftçi”nin baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bildirib. Baş həkimin verdiyi məlumata görə, burun nahiyəsindən zədə almış və bu səbəbdən qanaxma və yumşaq toxumada əzilmələri olan Sayefin qoruyucu ilə məşq edəcəyi gözlənilir. Bu, bugünkü məşqöncəsi son müayinədən sonra dəqiqləşəcək.
Budunun arxa qrup əzələsində kəskin gərilməsi olan Arveladze isə 3-4 həftə müalicə alacaq.
Xatırladaq ki, “Sumqayıt” üzərində böyükhesablı (3:0) qələbədən sonra xalının sayını 12-yə yüksəldən “Neftçi” 5 turdan sonra 3-cü pillədə qərarlaşıb.