UEFA Konfrans Liqasının 2-ci turunda Ermənistan "Pünik"inin hücumçusu Yusuf Otubanjo "Slovan" (Bratislava, Slovakiya) ilə oyunda siyasi mesaj nümayiş etdirib. Nigeriyalı futbolçu Azərbaycanla sərhəddə gedən döyüşlərdə Ermənistana dəstək verib. O, qol vurduqdan sonra kamera qarşısında köynəyini qaldıraraq “Ermənistana dəstək olun! Sülh!” yazısını göstərib.
Maraqlıdır, AFFA məsələ ilə bağlı UEFA-ya müraciət edəcəkmi?
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla məsələ ilə bağlı Fanat.Az-a açıqlama verib: "Şüarda Azərbaycan əleyhinə ifadə olmadığına görə UEFA-ya müraciət etmək düzgün deyil. Orada separatçı çağırış, Azərbaycan əleyhinə ifadə yoxdur. Müraciət edib özümüzü pis vəziyyətə sala bilərik. Ermənistan klubunun futbolçusunun Ermənistana dəstək olması ilə bağlı çağırış etməsi normaldır.
O ki qaldı siyasi mesaj məsələsinə, düzdür, bunu belə qiymətləndirmək olar. Ancaq bu, UEFA nümayəndəsinin səlahiyyətində olan məsələdir. Yəqin ki, raportunda bu barədə qeyd aparıb. Raportda siyasi şüar olduğu dərhal qeyd olunur və UEFA bu məsələyə baxır. UEFA nümayəndəsi bunu raportunda yazmasa da, qurumda baxılacaq. Böyük ehtimalla, klub və futbolçu cərimələnəcək. Amma bizim məsələyə müdaxiləmiz yersiz olar. Yazılan ifadədə Ermənistana dəstək məsələsi var, Azərbaycan əleyhinə heç nə yazılmayıb. İndiyədək qondarma respublika ilə bağlı çağırış, Azərbaycan əleyhinə şüarlar olanda biz dərhal UEFA-ya müraciət etmişik".
Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında baş vermiş gərginliklə əlaqədar olaraq Azərbaycan futbol klubu "Qarabağ” Bakıda Fransanın "Nant” klubu ilə oyun öncəsi həlak olmuş hərbçilərinin xatirəsinə bir dədiqəlik sükut elan edilməsi üçün UEFA-ya rəsmi müraciət etmişdi. Lakin UEFA bu istəyi rədd etmişdi.
Mirağa