Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran Pri turnirinin qalibi olub.
Fanat.Az xəbər verir ki, mübarizəyə 1/8 finaldan qoşulan millimizin 90 kiloqram çəki dərəcəsindəki üzvü ardıcıl Sebastyan Oldak (Polşa), Vaçid Borçaşvili (Avstriya) və Xusen Xalmurzayevi (Rusiya) yolundan uzaqlaşdıraraq finala yüksəlib. Burada gürcüstanlı Luka Maysuradzeni "ippon"la məğlub edən 28 yaşlı cüdoçumuz yarışın qızıl medalını qazanıb.
Bununla o, hesabına 700 reytinq xalı da yazdırıb.
Qeyd edək ki, Azərbaycan turnirə 2 cüdoçu ilə qatılıb. Sentyabrın 25-də mübarizə aparan Hidayət Heydərov da yarışın baş mükafatına sahib çıxıb.
Qran-Pridə 35 ölkədən ümumilikdə 243 cüdoçu iştirak edir.