Cüdo üzrə Sloveniya yığması Bakıda keçiriləcək "Böyük Dəbilqə" turnirində iştirak etməyəcək.
Fanat.Az Beynəlxalq Cüdo Federasiyasının saytına istinadən xəbər verir ki, balkanlılar turnir üçün 4 idmançı sifariş etsə də, heyətində Rio-2016-nın qalibi, dünya və Avropa çempionu Tina Trstenyakın da olduğu yığma sonradan yarışa qatılmaqdan imtina edib.
Bunadək isə Yaponiya, Gürcüstan, Rusiya kimi nüfuzlu millilərin Bakıya gələcək tərkibi azaldılıb. Həmçinin Olimpiya çempionları Laşa Şavdatuaşvili, Laşa Bekauri, Tokio 2020-nin finalçısı, dünya və Avropa çempionu Quram Tuşişvili (hamısı Gürcüstan) və son Olimpiadanın bürünc medalçısı Tamerlan Başayevin (Rusiya) adı müxtəlif səbəblərdən ilkin qeydiyyat siyahısından çıxarılıb.
Hazırkı siyahıda 30 ölkədən 203 (131 kişi, 72 qadın) cüdoçunun adı yer alıb.
Qeyd edək ki, Bakı "Böyük Dəbilqə"si 5-7 noyabrda keçiriləcək. Azərbaycan yığması yarışa 28 (20 kişi, 8 qadın) cüdoçu sifariş edib.