Beynəlxalq Cüdo Federasiyası Bakıdakı "Böyük Dəbilqə" turnirindən sonra yeni reytinq cədvəlini açıqlayıb.
Fanat.Az xəbər verir ki, doğma meydanda qızıl medal qazanaraq aktivinə 1000 xal əlavə edən Orxan Səfərov (66 kq) 8 pillə irəliləyişə nail olub. 30 yaşlı cüdoçumuz hazırda dünya sıralamasında 5-cidir.
Digər mükafatçılardan Məmmədəli Mehdiyev (90 kq) 3, Hidayət Heydərov (73 kq) 5, Uşanqi Kokauri (+100 kq) 7 pillə irəliləyişlə müvafiq olaraq 6, 14 və 15-ci sırada qərarlaşıblar.
Mövqeyini 29 pillə yaxşılaşdıran Munxtsedev İçinxorlu (57 kq) 39-cu, 36 pillə qabağa düşən Elcan Hacıyev (81 kq) 45-cidir. Ən çox irəliləyən isə Rövşən Əliyev (60 kq) olub. "Böyük Dəbilqə"dəki bürünc mükafat sayəsində 500 reytinq xalı qazanan idmançımız 218-ci sıradan 64-cü yerə yüksəlib.
Rüstəm Orucov (73 kq) yarışı medalsız başa vursa da, iki pillə irəliləyib. Titullu cüdoçumuz hazırda 9-cudur.
Bakı turnirində iştirak etməyən cüdoçularımızdan Kəramət Hüseynov (60 kq) və Elmar Qasımov (100 kq) 1, Murad Fətiyev (81 kq) 2 pillə geriləyib. Onlar müvafiq olaraq 8, 15 və 21-ci sıradadırlar. 100 kq-dakı digər təmsilçimiz Zelim Kotsoyev isə əvvəlki kimi 7-ci yerdədir.
Sahib