Azərbaycan cüdoçuları Rusiyanın Ufa şəhərində təşkil olunacaq qarışıq komandalar arasında Avropa çempionatına qatılmayacaq.
Bu barədə Fanat.Az-a kişilərin baş məşqçisi Mövlud Mirəliyev məlumat verib.
Mütəxəssis səbəb kimi qadınların ağır çəki dərəcəsində idmançımızın olmamasını göstərib:
"Olimpiya mükafatçısı İrina Kindzerska zədəli olduğu üçün komandaya qoşula bilməyəcəyini bildirib. Qadınların ağır çəkisində də onu əvəzləyəcək kimsə yoxdur. İrinanın olmaması bizim üçün böyük itkidir. Yarışa getsək də, bütün görüşlərə 0:1 geridə başlayacaqdıq. Odur ki, çempionatı buraxmağımız qərara alındı".
Mirəliyev yığmamızın Əbu-Dabidəki ilin son "Böyük Dəbilqə" turnirində də iştirak etməyəcəyini açıqlayıb. Noyabrın sonu və ya dekabrın əvvəlində kişi və qadınlar arasında respublika çempionatının keçiriləcəyini diqqətə çatdıran çalışdırıcı bu qərarı sıx qrafiklə əlaqələndirib.
Qeyd edək ki, Avropa çempionatı noyabrın 27-də keçiriləcək. "Böyük Dəbilqə" yarışı isə 26-28 noyabrda baş tutacaq.
Sahib