
Hazırda davam edən futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində bu gün Fil Dişi Sahili millisinə 2:1 hesabı ilə qalib gələrək 1/8 finala adlayan Norveç yığmasının baş məşqçisi Stolle Solbakken qələbəni dəyərləndirib.
Fanat.Az xəbər verir ki, o, qarşılaşmadan sonra baş turan mətbuat konfransında belə danışıb:
"Oyunun sonlarına yaxın üzərimdə böyük psixoloji təzyiq hiss edirdim. Bu, mənimlə bağlı deyil. Söhbət futbolçulardan, məşqçilər heyətindən və uzun müddətdir ki, bu komanda üçün çalışan hər kəsdən gedir. Onların həm çəkdiyi əziyyəti, həm də yaşadığı sevinci görəndə istər-istəməz duyğulanırsan. Dünya çempionatı yolunda həqiqətən çox əziyyət çəkmişik.
Matçın ardından ilk olaraq ailəmin yanına getdim. Onların da nələr hiss etdiyini yaxşı bilirəm. Hələ Braziliyaya qarşı keçirəcəyimiz oyun haqda düşünməmişəm".
"Vikinqlər" 1/8 finalda Braziliya ilə üz-üzə gələcəklər.
DÇ-2026 tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilir. ABŞ, Kanada və Meksikada təşkil olunan mundial iyunun 11-də başlayıb. DÇ həyəcanı 19 iyul tarixinə qədər davam edəcək. Son dünya çempionu Argentina millisidir.
Nihat