
Hazırda davam edən futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində Ekvador yığmasını 2:0 hesabı ilə məğlub edərək növbəti raunda vəsiqə qazanan Meksika millisinin baş məşqçisi Xavyer Aqirre fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 67 yaşlı mütəxəssis matçın ardından təşkil edilən mətbuat konfransında belə danışıb:
"Bizim böyük qələbələrimiz çox olub, amma heç biri indiki ilə müqayisə oluna bilməz, çünki evdə oynayırdıq.
Birinci hissədə həqiqətən çox yaxşı oynadıq. İkinci yarıda isə topu özümüzdə daha çox saxlayaraq oyuna nəzarət edə bildik. Gözəl ab-havaya görə azarkeşlərə təşəkkür edirəm. Hər kəsin necə xoşbəxt olduğunu gördük. Fanatlarla komanda arasında bağın olduğuna əminəm. Bütün oyunçular bu qarşılaşmada çox qaçdılar. Bazar günü keçiriləcək növbəti matç Meksika millisinin tarixində və mənim karyeramda ən önəmli sınaq olacaq".
DÇ-2026 tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilir. ABŞ, Kanada və Meksikada təşkil olunan mundial iyunun 11-də başlayıb. DÇ həyəcanı 19 iyul tarixinə qədər davam edəcək. Son dünya çempionu Argentina millisidir.
Nihat