
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşması gənc ulduz Arda Gülerin şousuna səhnə olub.
Fanat.Az xəbər verir ki, "Bayern Münhen"ə qarşı keçirilən gərgin matçda "Real Madrid"in heyətində parlayan Arda vurduğu qollarla həm klubunun, həm də turnirin tarixinə adını qızıl hərflərlə yazdırıb.
Matçın 35-ci saniyəsində hesabı açan türk bu mövsüm turnirin ən erkən qoluna imza atmaqla yanaşı, "kral klubu"nun Çempionlar Liqasındakı ən erkən qolunun da müəllifi olub.
Bu, həmçinin "Bayern"in mötəbər turnirdə öz qapısında gördüyü ən erkən qol kimi də tarixə düşüb.
Ardanın etdikləri bununla da bitməyib. Oyunun 29-cu dəqiqəsində cərimə zərbəsindən Manuel Noyerin qapısını dəqiq nişan alan Güler Madrid təmsilçisinin heyətində bu turnirdə cərimə zərbəsindən qol vuran ən gənc oyunçu ünvanını qazanıb. Onun növbəti və bəlkə də ən böyük uğurlarından biri isə Çempionlar Liqasının əsas mərhələsinin bir oyununda iki qol vuran ilk türkiyəli futbolçu statusunu əldə etməsidir.
Türkiyə millisinin 20 yaşlı üzvünün Münhendəki performansı həm İspaniya, həm də Türkiyə mətbuatında böyük əks-səda doğurub.