
İstanbulun "Beşiktaş" klubu komandanın kapitanı və aparıcı siması Orkun Kökçü üçün Səudiyyə Ərəbistanından gələn ağlasığmaz transfer təklifini düşünmədən rədd edib.
Fanat.Az məşhur insayder Evren Çikaqoya istinadən xəbər verir ki, Türkiyə millisinin üzvü Merih Demiralın da çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu ulduz yarımmüdafiəçi üçün rəsmi şəkildə dövrəyə girib.
Ərəb klubu Orkun Kökçü üçün "ağ-qaralar"a tam 70 milyon avro transfer haqqı, futbolçunun özünə isə illik 12 milyon avrodan çox maaş təklif etməyə hazırlaşıb. Lakin "Beşiktaş" klubunun prezidenti Serdal Adalı və futbolçunun menecerləri vəziyyətdən xəbərdar olan kimi bu təklifi birbaşa geri çeviriblər.
Prezident Serdal Adalı daha əvvəl verdiyi bəyanatlarda Orkunu komandada çempionluq yaşamadan heç bir məbləğə satmayacağını qəti şəkildə vurğulamışdı. Qeyd edək ki, hazırda İstanbul nəhəngində illik 5 milyon avro qazanan kapitanın bu sadiqliyi azarkeşlər tərəfindən böyük rəğbətlə qarşılanıb.