
1-ci Liqada VIII turun mərkəzi oyununda çempionluğa iddialı iki komanda - "Səbail" ilə "Baku Sportinq" üz-üzə gələcək. Milli komandaların seçmə oyunlarına görə yaranan fasilədən yararlanmağa çalışan "Səbail" lider "Şəfa"dan aralanmamaq üçün səfər oyunundan qalib dönməyə məhkumdur. "Dənizçilər"in prinsipial matça necə hazırlaşdıqlarını komandanın baş məşqçisi Elvin Məmmədovdan soruşduq.
Paytaxt təmsilçisinin çalışdırıcısı bu barədə Fanat.Az-a belə danışdı.
"Hazırlıq yaxşı gedir, her şey qaydasındadır. Fasilədən maksimum yararlandıq. "Sabah"ın U-19 komandası ilə yoxlama oyununda gücümüzü sınadıq. Heyətdə yalnız bir itki var. Nicat Süleymanov zədəlidir. Başqa cəzalı və ya zədəlimiz yoxdur.
"Baku Sportinq"lə səfərdə oynayacağıq. Rəqibimiz yaxşı komandadır. Elə qarşılaşmalar var ki, maksimumunu ortaya qoymalısan, bu oyun da onlardan biridir".
Qeyd edək ki, “Baku Sportinq” – “Səbail” matçı 21 noyabrda Buzovna qəsəbə stadionunda baş tutacaq və saat 14:30-da start götürəcək.
Mirağa