
Birinci Liqanın iddialılarından olan "Səbail" çempionatda ilk oyununu keçirib. "Dənizçilər" 1-ci tur çərçivəsində Şamaxıda “Xankəndi” ilə qarşılaşıb. Oyun 1:1 hesablı bərabərliklə yekunlaşıb.
"Səbail"in baş məşqçisi Elnur Abdullayev Fanat.Az-a açıqlamasında debütantla xal itirdikləri görüşü belə şərh edib:
"Çempionatda ilk oyunumuzu keçirdik. Görüşdən 1:1 hesablı bərabərliklə ayrıldıq. Açığı, ağır oyun oldu. Amma bunu gözləyirdim. Çünki bu yarışa bələdəm. Toplantılarda da futbolçularıma deyirəm ki, ağlınız Premyer Liqaya və 2-ci Liqaya getməsin, 1-ci Liqa fərqli, spesifik çempionatdır. Burda əsasən birəbir mübarizələrə üstünlük verilir. Bizdə yeni futbolçular çoxdur, bir-birilərinə hələ alışmayıblar. Sistemi də tam otuzdura bilməmişik. Startda büdrəməyimiz komandaya bir siqnaldır. İnanıram ki, futbolçular daha da məsuliyyətli olacaqlar. Mən onlara inanıram. İşimiz çoxdur. Bilirik ki, çempionluğa oynayan komandaya qarşı rəqiblər fərqli motivasiya ilə mübarizə aparırlar. Bizim üçün hər oyun finala bərabərdir. Gələcək oyunlarda etdiyimiz səhvləri minimuma endirməliyik. Hədəf dəyişmir, çempionluq uğrunda mübarizəmizi sona qədər davam etdirəcəyik. Hər nə qədər yarış ağır mücadilə vəd etsə də...".
"Səbail" 2-ci turda "Mingəçevir"i qəbul edəcək. Oyun 10 sentyabrda Binədə baş tutacaq.
Mirağa