
İtaliyanın "Napoli" klubu "Qarabağ"la oyuna ciddi hazırlaşır.
Fanat.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda "Napoli"yə qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.
Mütəxəssis böyük tarixə malik komandaya qarşı mübarizə aparacaqlarını söyləyib:
"Rəqib komandanın çalışdırıcısı Antonio Konte çox böyük məşqçidir. Mübarizə aparacağımız komanda çox təcrübəlidir. Bu matç bizim üçün çox vacibdir. "Napoli" Çempionlar Liqasının turnir cədvəlində öz mövqeyini yaxşılaşdırmağa çalışacaq. Bizimlə oyuna çox ciddi hazırlaşır. Rəqib komandanın baş məşqçisi hər oyuna diqqətli yanaşır. Onu çox yaxşı tanıyıram və salamlarımı çatdırmaq istəyirəm. Matça pis hazırlaşmamışıq. İstəyirik ki, sona qədər layiqli mübarizə aparaq.
Azərbaycan futbolunun reallığından danışsaq, klubumuz UEFA Çempionlar Liqası kimi böyük turnirdə çıxış etməməlidir. Lakin bizim hədəfimiz daim inkişaf etmək, irəliyə adımlamaq və uğur qazanmaqdan ibarətdir. İldən-ilə gücümüzü artırmağa çalışırıq. Bizim arzumuz qitənin ən nüfuzlu klub turnirində bacardığımız qədər çox çıxış etmək və maksimum irəli getməkdir. Turnir cədvəlində bizə rəqib olan komandalarla oyunlardan zövq almağa çalışırıq. Nəticə qazana bilməsək belə, böyük komandalara qarşı öz cəsarətli çıxışlarımızla yadda qalmaq istəyirik. Builki nəticələrimizə görə çox sevinirik və özümüzə inam hissi artmaqdadır".
Qeyd edək ki, "Napoli" - "Qarabağ" matçı noyabrın 25-də "Stadio Diego Armando Maradona" stadionunda, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.