
"Real Madrid"in prezidenti Florentino Peres mətbuat konfransı keçirib.
Fanat.Az xəbər verir ki, kəskin və emosional açıqlamalarla diqqət çəkən klub funksioneri mümkün istefasından danışıb, səhhəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
"Marca" Peresin fikirlərini belə çatdırıb:
"Rəqiblərim mənim getməyimi istəyirlərsə, seçkilərdə məni məğlub etsələr, gedərəm. Həmişə namizədliyimi irəli sürəcəyəm. Dünyada çox vacib bir şirkətə və kluba rəhbərlik edirəm. Səyahət etməkdən bezmiş ola bilərəm, amma futboldan qətiyyən bezməmişəm. Mübarizə aparacağam, çünki spekulyantlar və ultralar klubu ələ keçirmək istəyirlər.
Mənə və kluba qarşı çirkin kampaniya aparırlar. Bəziləri deyir ki, sağalmaz xərçəng xəstəsiyəm... Mənə görə narahat olanlara bildirmək istəyirəm ki, hələ də "Real Madrid"in və şirkətimin prezidentiyəm, sağlamlığım mükəmməldir. Xərçəngim olsaydı, onkologiya mərkəzində müalicə olunardım. Onlar mövsümün nəticələrinin yaxşı olmamasından istifadə edərək mənə hücum edirlər.
Prezidentliyim dövründə futbol və basketbolda 66 kubok, o cümlədən 7 Çempionlar Liqası qazanmışam. Arxamda fəaliyyət göstərən və işimdən narazı olan hər kəsi qarşıdan gələn seçkilərdə namizədliyini irəli sürməyə çağırıram.
ABC və "Vocento" başda olmaqla, bir çox media qrupu da klubu hədəf alıb. Atam illər əvvəl ABC oxuyurdu və mənim üçün abunə olurdu. Amma indi abunəliyimi ləğv etmək qərarına gəlmişəm. Atam da buna görə mənə minnətdar olardı.
Valverde ilə Tçuameni arasında baş verənlərə gəlincə, oyunçular hər il, hər gün dalaşırlar. Onlar dalaşırlar və sonra yenidən dostlaşırlar. Mən buna 26 il dözmüşəm. Amma klubda kiminsə bunu ictimaiyyət qarşısında etməsi davanın özündən daha pisdir. Bunu edənlər bədbəxtdirlər və yəqin ki, işdən çıxarılacaqlarını başa düşürlər. Xaosun yaranmasına icazə verməyəcəyəm".
Mirağa