
Baş məşqçi axtarışını davam etdirən "Araz-Naxçıvan" paralel olaraq heyətə də əl gəzdirir. Xüsusilə komandadakı yerli futbolçularla bağlı çalışmalar davam etdirilir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Tərlan Əhmədli, Slavik Alxasov və Ömər Buludovun müqaviləsinin müddətini uzatdığını rəsmən açıqlayan Muxtar Respublika təmsilçisi Ülvi İsgəndərovu da yeni anlaşmaya razı salıb.
Qeyri-adi nəsə baş verməsə, hücumçu ilə yeni müqavilə tezliklə bəyan ediləcək.
Daha bir azərbaycanlı futbolçu Mustafa Əhmədzadənin də "Araz-Naxçıvan"da qalması dəqiqdir. Onun müqaviləsi var.
Təcrübəli müdafiəçi Urfan Abbasovun durumu isə hələlik qeyri-müəyyəndir. Hazırda onunla danışıqlar davam etdirilir. Klub Abbasovu aşağı maaşla yeni müqaviləyə razı salmağa çalışır.
Qeyd edək ki, mövsüm başa çatandan sonra ukraynalı baş məşqçisi Andrey Demçenko ilə əməkdaşlığa son qoyan "Araz-Naxçıvan" müqavilə müddətləri başa çatan futbolçulardan Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriqes, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos və Ba-Muaka Simakala ilə də vidalaşıb.
Mirağa