
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkünü dəyərləndirib.
Fanat.Az xəbər verir ki, litvalı çalışdırıcı komandasının rəqibi TNS (Uels) barədə klubun mətbuat xidmətinə açıqlamasında belə deyib:
"İlk növbədə hər bir rəqibə hörmətlə yanaşmaq lazımdır. TNS dəfələrlə Uels çempionatının qalibi olan və Avropada yaxşı tanınan komandadır. Onlar daxili çempionatda son 10 ildən çoxdur dominantlıq edirlər. Necə oynamağınızdan asılı olmayaraq, əsas məsələ mentalitetdir. Hər matçda qələbə qazanmaq düşüncəsini inkişaf etdirməlisiniz. Bu, hər bir rəqibə hörmət etməyin və özünüzü ən yaxşı şəkildə hazırlamağın vacibliyini göstərir.
Hansı rəqiblə düşməyimizin tamamilə əhəmiyyətsiz olduğunu düşünürəm. Ən vacib məqam necə hazırlaşacağımız, hansı formada olacağımız, nə qədər istəkli və intizamlı davranacağımızdır. Kağız üzərində zəif görünən rəqiblə də qarşılaşa bilərsiniz, lakin hazır deyilsinizsə, problem yaşayacaqsınız. Çünki artıq hamı futbol oynamağı bacarır. Evdə və səfərdə keçiriləcək 2 oyunda hər şey baş verə bilər".
Dambrauskas qarşıdakı 2 həftəlik təlim-məşq toplanışına da toxunub:
"İndi etməli olduğumuz yeganə şey bu toplanışa böyük istək və mükəmməl motivasiya ilə başlamaqdır. İki həftəlik yüksək səviyyəli hazırlıq keçməli, yoldaşlıq görüşlərində oyun üslubumuzu yeniləməliyik. Mövcud oyunumuzu təkmilləşdirmək üçün bəzi yeni komponentlər əlavə etməli və futbolçulara necə bir sistem istədiyimizi xatırlatmalıyıq. Düzgün hazırlaşdığımız təqdirdə, nəticə özü gələcək".
Xatırladaq ki, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də baş tutacaq. Valdas Dambrauskasın baş məşqçisi olduğu Azərbaycan çempionu ilk matçı evdə keçirəcək.