
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarın durumuna aydınlıq gətirib.
Fanat.Az xəbər verir ki, Haiti üzərində qələbədən (3:0) sonra italyan mütəxəssis hücumçunun vəziyyəti barədə danışaraq dünya çempionatının qrup mərhələsinin son oyununda heyətə daxil edilib-edilməyəcəyi ilə bağlı sualı cavablandırıb.
FİFA-nın mətbuat xidməti təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb:
"İnkişafımızı oyundan-oyuna davam etdirəcəyik. Haiti üzərində qazanılan böyükhesablı qələbə vacib idi. Bu cür qalibiyyətlər komandanın özünə inamını bir qədər də artırır. Növbəti matça da qələbə əzmi ilə çıxacağıq.
Neymara gəlincə, sabah fərdi məşq edəcək, bazar günü qrupla məşqlərə qayıdacaq və daha sonra Şotlandiya ilə oyuna cəlb olunacaq".
Neymar səhhətindəki problemlərə görə hazırkı dünya çempionatında hələ oyun keçirməyib. Braziliyanın Şotlandiya ilə 3-cü turdakı oyunu 25 iyunda baş tutacaq.