
Birinci Liqa təmsilçisi "Səbail"in yeni mövsümlə bağlı hədəfləri və transfer fəaliyyətinə aydınlıq gəlib.
Bunu Fanat.Az-a bakılıların baş məşqçisi Elnur Abdullayev açıqlayıb.
40 yaşlı mütəxəssis Premyer Liqa uğrunda mübarizə aparacaqlarını, bunun üçün heyətin yenidən qurulması yönündə çalışmalara başladıqlarını açıqlayıb:
"Hədəf çempionluq olacaq. Heyəti buna əsasən qurmaq istəyirik. Komanda "sıfır"dan qurulacaq. Bunun üçün dayanmadan çalışırıq. Həm rəhbərlik, həm məşqçi heyəti formalaşdırmaq üçün nə lazımdırsa, edirik. Legioner seçimində yanılmamaq üçün araşdırma aparıram, təklif olunan əcnəbilərin oyunlarına baxıram. Azı 5 legioner gətirməyi planlaşdırırq. Komanda təcrübəli və gənc futbolçuların vəhdətindən qurulacaq".
"Səbail"in yeni çalışdırıcısı Rahid Əmirquliyevin Bakı klubuna mümkün keçidi barədə sualı cavablandırıb:
"Rahidlə danışıqlar gedir. Təkliflərimizi çatdırmışıq, düşünür. Qərarı özü verəcək. Yaxın bir neçə gün ərzində bizə yekun qərarını bildirəcək".
Abdullayev transferi bu gün rəsmən elan olunan qapıçı Mehdi Cənnətovun keçidindən də danışıb:
"Mehdini tanıyıram və ona güvənirəm. Əminəm ki, çempionluq yolunda onun bizə çox köməyi dəyəcək. Milli üzvü olub, təcrübəli qapıçıdır. Cənnətov sonuncu təcrübəli yerli futbolçu olmayacaq. Ad açıqlamağım düzgün olmaz, çünki alınmamaq ehtimalı da var. Amma deyə bilərəm ki, daha bir neçə Premyer Liqa təcrübəsi olan futbolçu ilə anlaşa bilərik".
40 yaşlı mütəxəssis "Səbail"in adının dəyişəcəyi və Qubanı təmsil edəcəyi barədə məlumatlar barədə geniş danışmaq istəməyib:
"Bu, səlahiyyətimə aid məsələ deyil. Rəhbərlik klub üçün ən yaxşısı nədirsə, o qərarı verəcək. Məlumatım olmadığı üçün, mümkün ad dəyişikliyi barədə nəsə deyə bilmərəm".
Qeyd edək ki, "Səbail" bir neçə gün əvvəl Abdullayevlə 3 illik müddətə müqavilə imzalayıb. Onun son iş yeri "Şahdağ Qusar" olub.
Mirağa