
Növbəti mövsümün hazırlıqlarını davam etdirən "Neftçi" ilə "Zirə"nin əvəzedici komandaları yoxlama oyununda üz-üzə gələcəklər.
Fanat.Az-ın məlumatına görə, paytaxt təmsilçiləri avqustun 1-də qarşılaşacaqlar.
Görüş Bakıxanovda - "Neftçi"nin "Palms Sports" Futbol Mərkəzində baş tutacaq.
Xatırladaq ki, avrokuboklarda ölkəmizi təmsil edən "Neftçi" ilə "Zirə"nin ikinci komandaları ötən mövsümü müvafiq olaraq, 3-cü və 4-cü yerdə başa vurublar. "Bürünc"lə kifayətlənən Rəşad Abdullayev növbəti mövsümdə də "ağ-qaralar"ı çalışdıracaqsa, "Zirə-2"-də baş məşqçi dəyişikliyi reallaşıb. Hacı Əhmədov nəinki "dubl"dan, ümumiyyətlə, "qartallar"dan ayrılaraq "Şəfa"nın əsas komandasına keçib. O, debütantın məşqçilər korpusunda yer alır. "Zirə-2"-ni hazırda Anar Vəliyev çalışdırır. O, ötən mövsüm "Şamaxı"da Ayxan Abbasovun köməkçilərindən olub.
Əvəzedicilər Liqasında növbəti mövsüm avqustun 21-də start götürəcək. "Zirə-2" ilk turda "Şəfa-2" ilə, "Neftçi-2" isə "Sumqayıt"la qarşılaşacaq.
Mirağa